Tacikistanın paytaxtı Düşənbədə və Vəhdət şəhərində baş verən silahlı hücumlar nəticəsində sonuncuda hərbi vəziyyət elan olunub. Bu barədə baki-xeber.com Anadolu agentliyinə istinadla xəbər verir. Xəbərdə bildirilir ki, son günlərdə silahlı qrup Daxili işlər orqanlarının qüvvələrinə hücum edərək xeyli sayda silah-sursat əldə edib. Həmin silah-sursatla qrup Düşənbədən 20 km aralıdakı Vəhdət şəhərinə gedərək orada silahlı hücumlar həyata keçirib. Təhlükəsizlik qüvvələrilə qruplaşma arasında silahlı toqquşmada hər iki tərəf itki verib. Rəsmi açıqlamada 8 polis əməkdaşının, 9 qruplaşma üzvünün öldüyü bildirilir, lakin yerli KİV 33 nəfərin həlak olduğunu yazır.
Hazırda silahlıların Pamirdə mağarada gizləndiyi deyilir. Təhlükəsizlik orqanlarındakı mənbələr silahlıların Müdafiə nazirinin müavini Abdulxalim Nazarzodanın əmrilə hücumlar törətdiyini bildirir. Prezident İmomali Rahmonun əmrilə Nazarzoda vəzifədən azad olunub.
Tacik mətbuatı Nazarzodanın dəstəsində 135 silahlının olduğunu yazır. Ölkənin Daxii İşlər Nazirliyi Nazarzodanın Tacikistan İslam İntibahı Partiyası ilə əlaqəli olduğunu bildirir, Partiyadan isə bu əlaqə təkzib olunur. Hazırda qruplaşmaya qarşı əməliyyat davam edir. Vəhdət şəhərində hərbi vəziyyət elan olunub, Düşənbəyə giriş-çıxış bağlanıb. Ölkənin baş prokurorluğu fakt üzrə cinayət işi açıb. Baş verənlərlə əlaqədar ABŞ-ın Düşənbədəki safirliyi öz işini dayandırıb, insanlara küçəyə çıxmamaq tövsiyə olunub, məktəblər bağlanıb.