Artıq xəbər verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyi "İŞİD” terror təşkilatının fəaliyyətində iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat keçirib. Əməliyyat nəticəsində ölkə ərazisində sabitliyi pozmağa cəhd edən silahlı dəstə zərərsizləşdirilib. Dəstə üzvlərinin "İŞİD”ə qoşulduğu üzə çıxıb və onlar saxlanıb.
"İŞİD” terror quruplaşmasının fəaliyyətində iştirak edən Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov şübhəli şəxs qismində həbs edilib. Dindirilmə nəticəsində müəyyən olunub ki, qrup üzvləri 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraqda ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İŞİD” terror təşkilatının fəaliyyətində iştirak edib. Təqsirləndirilən Şirxan Xasaylının sözlərinə görə, o, "İŞİD”in tabeliyində olan "Azərbaycan camaatı” dəstəsində Suriya ordusu və müxalif qüvvələrə qarşı döyüşüb. Azər Eyyubov isə öncə Türkiyəyə getdiyini, ordan Suriyaya keçdiyini deyib: "Suriyada olduğum müddətdə gördüm ki, haqsızlıqlar edirlər, bizi aldadıb bizdən istifadə edirlər".
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işləri açıb. Beş nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib. Onlardan Mikayılov Rövşən Baba oğlu barəsində istintaq artıq tamamlanaraq cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Rövşən Mikayılov 13 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.