Sentyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə qurumun Romadakı baş ofisində bir sıra görüşlər keçirilib. "Trend”-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, əvvəlcə FAO-nun xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə təşkilatın fəaliyyətini əks etdirən təqdimatlar, müzakirələr oldu. Qurumun Korporativ Kommunikasiya ofisinin direktoru Enrike Yevis Leyla Əliyevanın tədbirdə iştirakından məmnunluğunu bildirib
Daha sonra Leyla Əliyeva FAO-nun baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb. Görüşdən məmnunluğunu bildirən təşkilatın baş direktoru Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin ekologiya sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb. Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlardan məmnunluqla danışan Joze Qratsiano da Silva ölkəmizə səfərindən, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə keçirdiyi görüşlərdən danışaraq, dövlət başçısının 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı təşkilatın baş ofisində olmasını məmnunluqla xatırlayıb. Qeyd edib ki, Azərbaycanda yoxsulluğun azaldılması sahəsində görülən işlər dünya ölkələri üçün bir nümunədir. O, bu baxımdan Azərbaycanda yoxsulluğun səviyyəsinin 5 faizə enməsini xüsusi vurğulayıb və bu sahədə görülən işlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan ilə FAO arasında əməkdaşlığın uğurla inkişaf etməsindən danışaraq ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində qazanılan nailiyyətlər, həyata keçirilən layihələr barədə məlumat verib. Son illərdə Azərbaycanda kənd təsərrüfatının sürətlə inkişaf etdiyini, bu sahədə həyata keçirilən islahatları və ölkəmizdə fermerlərə yüksək səviyyədə dövlət dəstəyinin göstərildiyini diqqətə çatdıran Leyla Əliyeva Heydər Əliyev Fondunun humanitar sahədəki fəaliyyəti, dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi mühüm layihələr və IDEA İctimai Birliyi barədə də məlumat verib, gələcəkdə FAO ilə birlikdə bir sıra layihələrin reallaşdırılacağını bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti gənclərin FAO çərçivəsində icra olunan layihələrin dəstəklənməsi istiqamətində fəaliyyətinin vacibliyini xüsusi vurğuyıb.