ŞKTC Dövlət Televiziyası Bayrak Radio Televiziya Korporasiyasının (BRTK) baş meneceri Meryem Özkurtun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycandakı təmasları çərçivəsində Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun rəhbəri və millət vəkili Cavanşir Feyziyevi ziyarət edib. Görüşdə BRTK rəssamı Cem Kafkas, BRTK-nın operatoru Əli Kurtoğlu, Kipr Türk Mediası Azərbaycan nümayəndəsi Serdar Şengül və mədəniyyətşünas Ruziyyə Cəfərli də iştirak edib. Səmimi atmosferdə keçən görüşdə Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, media sahəsində əməkdaşlığın inkişafı və iki ölkə xalqları arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə edilib. Milli Məclis üzvü Cavanşir Feyziyev BRTK nümayəndə heyətini Azərbaycanda qəbul etməkdən məmnunluğunu ifadə edərək, ŞKTC ilə Azərbaycan arasında bütün sahələrdə dostluq və həmrəyliyin davamlı olaraq möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. BRTK-nın baş direktoru Meryem Özkurt qonaqpərvərliyinə görə Feyziyevə təşəkkür edərək bildirib ki, media və mədəniyyət sahələrində birgə layihələr iki qardaş xalq arasında əlaqələri daha da gücləndirəcək. Görüş qarşılıqlı xoşməramlı münasibətlərdən sonra çəkilmiş xatirə şəkli ilə başa çatıb.
SAMİRƏ