11 iyul 2026-cı il tarixində Bakı şəhərində yerləşən “Globus Center”də Əbədi Birlik Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Özünə qayıt, ey Turanın övladları” adlı tədbir keçirilib.
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 34-cü ildönümünə həsr olunan tədbir Azərbaycan və Qazaxıstan Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin açılış nitqi ilə çıxış edən Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev Azərbaycan–Qazaxıstan münasibətlərinin tarixi köklərindən, ortaq milli-mənəvi dəyərlərdən və türk dünyasının həmrəyliyinin əhəmiyyətindən bəhs edib. Tədbir çərçivəsində Azərbaycan–Qazaxıstan dostluğunu əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Azərbaycan Hapkido Federasiyasının prezidenti, Qarabağ qazisi Zöhrab Məmmədov, ehtiyatda olan polkovnik Elmar Hüseyn, Kıbrıs Türk Media Azərbaycan nümayəndəsi Serdar Şengül və Azərbaycan Ülkü Ocaqlarının sədri Mehmet Alper çıxış edərək iki qardaş ölkə arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıblar.
Tədbirin bədii hissəsində Adnan Əmirli “Aksak Kulan” əsərini və dombra ifasını təqdim edib. Janella Batyrbekova “Jalğan Ay” və “Ayrılıq” mahnılarını ifa edib. Həmçinin Əbədi Birlik Gənclər İctimai Birliyinin könüllüsü Səma Qarayeva tərəfindən şeir səsləndirilib. Tədbirin aparıcısı və Əbədi Birlik Gənclər İctimai Birliyinin mətbuat katibi Amalya Əhmədova birlik sədri Şahin Əliyevin qələmə aldığı vətənpərvərlik ruhlu şeiri səsləndirib. Şeir iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Çıxışlarda vurğulanıb ki, Azərbaycan və Qazaxıstan arasında 34 il əvvəl qurulan diplomatik münasibətlər bu gün də qarşılıqlı etimad, qardaşlıq və strateji əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf edir və türk dünyasının birliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Azərbaycan–Qazaxıstan dostluğunun möhkəmlənməsinə, ictimai fəaliyyətə və tədbirin təşkilinə verdikləri töhfələrə görə bir sıra iştirakçılar və fəal şəxslər təltif olunublar. Təltif mərasimi zamanı göstərilən fəaliyyətlərə görə təşəkkürnamələr təqdim edilib. Tədbirin sonunda qonaqlar və iştirakçılarla xatirə şəkilləri çəkdirilib.