Artıq xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Ümumi yığıncağı keçirilib və yığıncaqda mürgüləyən alimlərin şəkilləri sosial mediada geniş müzakirə doğurub. Modern.az iclasda iştirak edən alimlərdən biri - Qəzənfər Paşayevlə əlaqə saxlayaraq olaya münasibətini öyrənib.
Professor sayta açıqlamasında tədbirdə mürgüləmədiyini, çıxış edənlərə diqqətlə qulaq asdığı halda şəkildə gözüyumulu düşdüyünü deyib.
“İnana bilmirəm ki, həm dövlətə, həm xalqa xidmət edən bir adama, mənə qarşı da belə bir addım atsınlar. Gözümə o tərəfdən işıq saldılar, bu tərəfdən çəkdilər. Mən bilmədim o nə idi elə. Əlləri o vəziyyətdə olan adam yatarmı? Yatan adamın əlləri yanına düşər. Vicdansız gözümə işıq saldı, o biri tərəfdən də çəkdi. Yaqub Mahmudov mənim yaradıcılığıma böyük qiymət verən alimdir, mən onun qarşısında necə yata bilərəm? Tədbir mənim üçün çox maraqlı və kifayət qədər yığcam idi”- o deyib.
Digər həmkarlarının tədbirdə yatıb-yatmaması ilə bağlı suala cavabında isə Qəzənfər Paşayev deyib ki, ətrafa diqqət etməyib: “…oturmuşdum, nə bilim başqaları nə edir?..”
Əli TURABOV