ABŞ prezidenti Donald Tramp nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün maksimum 15 gününün olduğunu bəyan edərək Tehrana münasibətdə mövqeyini kəskin şəkildə sərtləşdirib. Halbuki, bir həftə əvvəl Ağ Ev bir aylıq müddətdən danışırdı.
"Biz bu və ya digər şəkildə razılaşma əldə edəcəyik və ya razılaşmaya nail olacağıq", - deyən Tramp bildirib ki, yaxın günlərdə kompromisin mümkün olub-olmadığı və ya Vaşinqtonun "alternativ ssenarilərə" keçəcəyi bəlli olacaq.
Öz növbəsində, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani, "real hərbi təcavüz risqi"ni əsas gətirərək, baş katib Antonio Quterreşə və Təhlükəsizlik Şurasının prezidenti Ceyms Kariukiyə məktub göndərib. Məktubda nəticənin region üçün fəlakətli olacağı, beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaradacağı bildirilir. Eyni zamanda, Tehranın müharibəyə başlamaq niyyətində olmadığı, lakin hücuma məruz qalacağı təqdirdə "qətiyyətli hərəkət edəcəyi" bildirilir.
"Bölgədəki düşmən qüvvələrin bütün bazaları, avadanlıqları və aktivləri qanuni hədəfə çevriləcək"- İrəvani vurğulayıb.
Bu arada, konqresmenlər Tomas Massi və Ro Xanna gələn həftə İrana zərbə endirmək üçün Konqresin təsdiqini tələb edəcək "müharibə səlahiyyətləri qətnaməsi"ni təqdim etmək niyyətindədirlər. Qətnamə qəbul edilərsə, Ağ Evin səlahiyyətləri kəskin şəkildə məhdudlaşdırılacaq. Bu isə, ekspertlərin fikrincə, Tramp administrasiyasını daha qətiyyətli hərəkətə keçməyə sövq edə bilər.
Amerika mediasına görə, hazırda bir neçə ssenari müzakirə olunur. Əsas məqsəd Tehranı güzəştə məcbur etmək üçün nüvə və raket proqramları ilə əlaqəli hərbi və ya infrastruktur obyektlərinə nöqtə atışlı zərbələr endirməkdir.
Vaşinqton üçün maraqlı obyektlər sırasında Parçin və İsfahandakı nüvə obyektləri, ballistik raket anbarları və inkişaf mərkəzləri, İİKK infrastrukturu yer alır. Bu ssenari quru qüvvələrinin yerləşdirilməsi olmadan bir neçə gün intensiv kruiz raket və hava zərbələri üçün nəzərdə tutulub. Məqsəd tammiqyaslı müharibəyə çevrilmədən niyyətlərin ciddiliyini nümayiş etdirməkdir.
SAMİRƏ