Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
BŞİH başçısı Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında təsərrüfat məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını bildirib.
Burada maraqlı nüans ondan ibarətdir ki, yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahova isə şifahi xəbərdarlıq elan edilsə də, Qaradağ rayonu barədə heç bir inzibati ölçü götürülməyib.
Əslində Qaradağ rayon icra başçısı Süleyman Mikayılovun vəzifədən azad edilməsindən elə də uzun müddət keçməyib. Üstəlik, onun ardınca müavinləri və digər aparıcı şəxslərin də rayon icra strukturlarından uzaqlaşdırıldığı bəllidir. Belə olduğu halda Qaradağ rayonunun inzibati cəzadan kənarda qalmasını yalnız bir cür izah etmək olar: görünür, Eldar Əzizov rayonda cəzalandırmaq üçün səlahiyyətli məmur tapa bilməyib…
ƏLİ