Baki-xeber.com Rusiya KİV-nə istinadən xəbər verir ki, "İslam dövləti” terror təşkilatının üzvü bu günlərdə özünün facebook səhifəsinə Türkiyə kurortlarından birində çəkdirdiyi şəkillərini yerləşdirib. Pasalaise İsde adlı həmin şəxs şəkildə Qara dənizin günəşli-qumlu sahillərində plyaj geyimində görünür. Onun qeyd etdiyinə görə, Türkiyənin Amasra və Bartın kurortlarında dincəlib. Bundan bir qədər əvvəl isə o öz səhifəsinə başı kəsilmiş suriyalıların fonunda əlində qara İŞİD bayrağı tutmuş fotosunu yerləşdirib, altında isə "Dinsizləri (?), xüsusilə qərbliləri öldürün!” çağırışı edib.
Maraqlıdır ki, bu qalmaqallı fotonu Türkiyə xüsusi xidmət orqanları deyil, Londonda prestijli işini tərk edərək İŞİD-lə mübarizə aparan kürd partizanlarına qoşulmuş Maser Gifford adlı britaniyalı aşkarlayıb. "The Daily Mail" qəzetinə açıqlamasında Gifford İŞİD üzvünün Türkiyə kurortlarından şəkil paylaşmasından hiddətləndiyini, bunu "Türkiyə dövlətini aşağılamaq” cəhdi saydığını bildirib.
İnternetdə qalmaqalın yaranmasından dərhal sonra Pasaliasi İsde facebook səhifəsini bağlayıb.