Məlum olduğu kimi, Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Mətbuatda dərc edilən məlumatlara görə, 2022-ci ilin dekabr ayında həmin vəzifəyə təyin edilən Fuad Nəcəfli Naxçıvanda Dövlət Proqramı layihəsini gecikdirdiyinə və işdə yol verdiyi digər nöqsanlara görə işdən azad edilib.
Prezident İlham Əliyevin Sərəncamı ilə Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi təyin edilən Ceyhun Cəlilov bu təyinatadək Naxçıvanın Baş naziri vəzifəsini tutub..
Ceyhun Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura pillələrini bitirmişdir. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurub, ardınca İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirib.
2011–2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013–2021-ci illərdə isə “BP Caspian” şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb. 1 mart 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarə heyəti sədrinin müşaviri, 13 avqust 2021-ci ildə isə idarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. 15 mart 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. 25 aprel 2024-cü ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə gətirilib. C.Cəlilovun son illərdə hazırkı maliyyə naziri Sahil Babayevin rəhbərlik etdiyi qurumlarda yüksək vəzifə tutması isə onun bu nazirə yaxın kadr olduğunu ortaya çıxarır.
Mətləb