"Paşinyan ümumiyyətlə çıxışlarında sülhə töhfə verməyə açıq olduğunu göstərir. Bir müddət əvvəl, o, Qarabağ ermənilərinin Azərbaycana qayıtmaq istəyi ilə bağlı fikirlərini açıqlamışdı. Paşinyan demişdi ki, ermənilərin Azərbaycana qayıtmaq iddiası sülhə zərər vura bilər və bu məsələ birdəfəlik qapadılmalıdır. Bu, əslində onun sülh prosesinə mane ola biləcək halların aradan qaldırılmasına sədaqətini göstərir".
Bunu "Bakı-Xəbər"-ə açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. O, bildirib ki, Paşinyan Bakıda keçirilən paradla bağlı Ermənistan ictimaiyyətinə mesaj verib: "Paşinyan bildirib ki, biz silahlanmaya və bu cür bahalı işlərə girişməməliyik, çalışmalıyıq ki, sülh prosesi davam etsin və bu iki dövlət, iki xalq arasında dayanıqlı, davamlı, əbədi sülh yaransın. Bu mövqeyin səbəbi aydındır: Paşinyan ölkəsinin gələcəyinin Azərbaycanla anlaşmadan keçdiyini qəbul edir. O, başa düşür ki, zor dili ilə danışmaq, Azərbaycanla silah və ordu məsələsində yarışmaq mənasızdır. Ermənistan bundan daim itirib və bundan sonra da itirməyə davam edəcək".
Onun sözlərinə görə, Paşinyan həqiqətən də dayanıqlı sülhün olmasını arzulayır: "Təbiidir ki, o, öz dövlətinin və xalqının maraqlarını üstün tutur, amma reallıq hissini itirməyib".
Röyalə Xəyal