Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikanda keçirdiyi görüşlər, Heydər Əliyev Fondunun dəstəyi ilə burada görülən işlər, xüsusilə Vatikanda Müqəddəs Pavel Bazilikasında həyata keçirilən bərpa və tikinti işləri Azərbaycanın dini tolerantlıq və multikulturalizm dəyərlərini özündə birləşdirən ölkə olduğunu bütün dünyaya nümayiş etdirməkdədir.
Mehriban Əliyevanın qarşılıqlı anlaşmanın, dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına göstərdiyi dəyərli dəstək həm də Azərbaycanın dünya birliyindəki nüfuzu baxımından olduqca önəmli hadisə sayılmalıdır. Çünki belə təşəbbüslər xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və mehriban münasibətlərin formalaşmasına xidmət edir. Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskualenin bəyan etdiyi kimi, “Mehriban Əliyeva uzun illərdir ki, dünya sivilizasiyasına dəyərli töhfələr verir, bəşəriyyətin mədəni intibahını zənginləşdirir.”
Bu səfər, eyni zamanda, Azərbaycanın müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşadığı ən layiqli məkan olduğunu təsdiqlədi.
Daha önəmli bir fakta diqqət edək. Təkcə 2013-cü və 2014-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq həyata keçirilib.
Bu proses isə Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi ilə əməkdaşlıq azərbaycanlı alim və tədqiqatçılara burada mühafizə olunan nadir əlyazmalara, qədim xəritələrə, eləcə də müxtəlif dillərdə dəyərli nəşrlərə çıxış imkanı verəcək. Bu həm də gələcəkdə Azərbaycanın tarixi və mədəni irsi barədə yeni və mühüm məlumatların əldə olunmasına şərait yaradacaq. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən katolik icması ilə dövlət arasında nümunəvi münasibətlər mövcuddur ki, bu da qeyd olunası olduqca önəmli məqamlardan biridir. Həmçinin Bakıda ikinci Katolik Kilsəsinin tikilməsi olduqca təqdirəlayiq hal olmaqla yanaşı, həm də ölkəmizdə bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürüdür. Azərbaycan bu mənada bir çox ölkələr üçün nümunədir. Beləliklə, Mehriban xanım Əliyevanın bu səfəri həm də olduqca aktual olan tarixi həqiqəti ortaya qoydu ki, Azərbaycan dini tolerantlıq və multikulturalizm dəyərlərini özündə birləşdirən ölkədir.
Mətləb