Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yenə səs-küylü açıqlamaları ilə gündəmə gəlib. Ermənistanın keçmiş XİN rəhbəri Nikol Paşinyanın hakimiyyətini “topa tutmaqla” yanaşı, sülh sazişi ilə bağlı real vəziyyədən də danışıb. V.Oskanyan hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərində Ermənistan tərəfinin yalnız bir qolu var. "Bu, sülh sazişinin imzalanması və ya imzalanmaması üçün bir qoldur. Əlbəttə, bu qol bu gün kifayət qədər zəifləyib, çünki Ermənistan hakimiyyəti əvvəlcədən bəyan edib ki, Qarabağ Azərbaycanın tərkibində olacaq, əraziləri verməyə hazırdır, lakin bunlar şifahi razılaşmalardır. Sənədin yazılı imzalanması üçün qolu hələ də qüvvəsini itirməyib. Güman edirəm ki, bu qolu maksimum dərəcədə istifadə etmək lazımdır, amma elə istifadə etmək lazımdır ki, yeni müharibəyə gətirib çıxarmasın", – deyə V. Oskanyan Facebook sosial şəbəkəsindəki səhifəsində videomüraciətində bildirib.
Belə görünür ki, V.Oskanyanın simasında erməni siyasi elitası həm dalana dirəndiyini, həm Qarabağın Azərbaycanın tərkibində olmasını qəbul etməkdən başqa yolun olmamasını etiraf edir, eyni zamanda yeni müharibə olacağından da təşviş keçirirlər.
Mətləb Salahov