Nəhayət ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefonla müzakirə aparmaq üçün dəqiq vaxt müəyyənləşdiriblər. Belə ki, artıq hər iki ölkə liderinin telefon danışığı avqustun 2-nə planlaşdırılıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da rəsmən bəyan edib. "Həqiqətən, telefon danışığı, Putinin dediyi kimi, çərşənbə günü planlaşdırılır" deyib Peskov. Amma bir neçə gün bundan əvvəl Kreml rəhbəri bəyan etmişdi ki, onlar telefonla danışmağa çalışsalar da, Ərdoğanın təklif etdiyi vaxt ona uyğun gəlməyib. Rusiya prezidentinin təklif etdiyi vaxt isə Türkiyə liderinin iş qrafikinə uyğun gəlməyib. Necə deyərlər, nə Putin, nə də Ərdoğan dəstəyi qaldırmaq üçün vaxt tapa bilməyiblər. "Yaxşı, söhbət üçün razılaşdıq, məncə, çərşənbə günü. Orada danışacağıq və qərar verəcəyik" - V.Putin belə deyib.
Xatırladaq ki, Rusiya və Türkiyə liderləri sabahkı telefon danışıqlarında əsasən Ukraynadakı vəziyyət və “taxıl kolidoru” məsələsini də müzakirəyə çıxaracaqlar.
Mətləb Salahov