Məlumdur ki, taksi daşıyıcılarının 90 %-i müxtəlif onlayn platformalar və ya aqreqatorlar üzərindən fəaliyyətini həyata keçirir. Qanunvericilik isə bu cür fəaliyyət növünü tənzimləmir.
Taksi sifarişi operatorlarının fəaliyyəti ümumiyyətlə tənzimlənmir. Bu üzdən, taksi fəaliyyəti ilə bağlı problemlər sonsuzdur. Ancaq ən önəmlisi xarici taksi şirkətlərinin azərbaycanlıların məlumatlarını üçüncü tərəfə öturməsidir.
"Hazırda taksi fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanır və güman edirəm ki, bu, həm taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsinə xidmət edəcək, həm də..."
Milli Məclisin ötən iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edərək bildirib ki, sərnişinlərin fərdi məlumatları, ödəniş kartları haqqında məlumatlar, hərəkət trayektoriyaları barədə bütün məlumatlar əksər hallarda ölkə xaricinə ötürülür: "Taksi sifarişi operatorları əsasən virtual olduğundan onların hansı ölkədə yerləşdiyini, sahiblərinin kim olduğunu bilmək milli təhlükəsizlik baxımindan vacibdir. Bakıda təqribən 28 min taksi var, onların 90%-i bu platformalar üzərindən fəaliyyət göstərir".
Sosial sahə üzrə ekspert Elxan Əliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, "Bolt" və "Uber" taksi şirkətləri Azərbaycandakı şirkətlər arasında xaotik vəziyyət yaradıb. Həm də bazarda olan süni qiymət sayəsində monopoliya quraraq, bunun adını rəqabət qoyurlar. Bununla da digər taksi şirkətlərini sıradan çıxarırlar: "Yerli şirkətlər inkişaf etməlidir. Vahid taksi qiyməti müəyyən edilən kimi "Bolt" və "Uber" ləğv olunmalıdır. Onlar bizim yerli şirkətləri məhv edib. Onu da deyim ki, bu şirkətlərin məlumat bazası xaricdə yerləşir. Bu isə düzgün deyil. Bizə aid məlumat burda, ölkəmizdə olmalıdır. Ancaq onlar bizə aid olan məlumatları üçüncü ölkəyə göndərir. Bu isə təhlükəsizlik baxımından düzgün deyil".
Ekspert hesab edir, bu cür taksi xidmətləri əsasən məlumat bazası xaricdə olan beynəlxalq şirkətlər tərəfindən təşkil olunur, bu isə ölkədən valyutanın çıxmasına, ölkənin gəlirlərinin xaricə axmasına səbəb olur: "Hazırda taksi fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanır və güman edirəm ki, bu, taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsinə xidmət edəcək, eyni zamanda, qiymətin artmamasına səbəb olacaq".
Günel CƏLİLOVA