Məlum olduğu kimi, Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb və Azərbaycan idmançıları da yarışdan imtina edib, idmançılarımızın geri qayıtması ilə bağlı qərar qəbul edilib.
Ermənilərin belə vandal davranışı, bayrağımızı yandırması, aqressiyası nədən xəbər verir?
Məsələyə millət vəkili Ceyhun Məmmədovun münasibətini öyrəndik. C.Məmmədov baki-xeber.com-a “Hesab edirəm ki, Azərbaycan tərəf çox düzgün və haqlı qərar qəbul edib və idmançılarımız geri dönüb. Ermənistanın vəhşiyinin cavabı da məhz bu olmalı idi. Azərbaycan tərəfi məhz bu formada Ermənistan tərəfə münasibətini bildirməli idi. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı təxribatları bütün istiqamətlərdə özünü göstərir. Təkcə hərbi deyil, bunun nümunələrini, təzahürlərini hər sahədə, həm idman yarışlarında, həm beynəlxalq aləmdə görürük. Eyni zamanda bir neçə gün əvvəl parlament sədri Sahibə xanımla bağlı görüşdə də biz bunu gördük. Bu onu göstərir ki, bu millətin təxayülü, düşüncəsi, yanaşması və təfəkkürü dəyişməyib, bu millət hələ də zərərli və zəhərli ideologiya ilə zəhərlənibdir. Bunu özünün bütün yanaşmalarında göstərir. Paşinyanın özünün də iştirak etdiyi açılış mərasimində belə bir hadisənin baş verməsi bu vəhşiliyin, bu barbarlığın növbəti təzahürüdür” -deyə bildirdi.
C.Məmmədov qeyd etdi ki, beynəlxalq təşkilatlar da Ermənistanda bayrağımıza qarşı baş verən vandalizm aktına münasibətini bildirməli, reaksiya verməlidir. “Beynəlxalq təşkilatlar Ermənistanın bu əməlini pisləməlidirlər. Eyni zamanda Ermənistan bu məsələlərə görə mütləq həm də cəzalandırılmalıdır”-deyə millət vəkili əlavə etdi.
İradə SARIYEVA