İyunun 12-si axşam saatlarında Bakıda naməlum şəxslərin Azərbaycanın keçmiş müdafiə naziri Rahim Qazıyevə hücum etdiklərinə dair məlumat yayıldı. Rahim Qazıyevin özü də faktı təsdiqləmişdi. Onun sözlərinə görə, hücum edənlər keçmiş naziri başından vurublar. Rahim Qazıyev ilk açıqlamasında bildirib ki, əlavə məlumatı daha sonra verəcək.
Rəhim Qazıyevin xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. Bu barədə jurnalistlərə Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var:“Hazırda araşdırmalar davam etdirilir”.
Xatırladaq ki, Rahim Qazıyev bu ilin fevral ayında keçmiş kürəkəni Ramiz Əzizov tərəfindən döyülmüşdü. O vaxt qeyd edildi ki, R.Qazıyevin qızı Şəbnəm Ramiz Əzizovdan boşanmaq qərarına gəldikdən sonra sonucu Qazıyevlər ailəsinin üzvlərinə təcavüz etməyə başlayıb. Hətta ondan əvvəl keçmiş kürəkən Qazıyevin başqa bir qızının avtomobilinin təkərlərini öz evinin qarşısında bıçaqla deşmiş və üstəlik, evlərinə gələrək giriş qapılarını sındırmışdı.
Bu cür konkret faktlar və dəlillərin ortada olmasına baxmayaraq, sosial şəbəkələrdəki radikal müxalif mövqeli insanlar keçmiş müdafiə nazirinin döyülməsində hakimiyyətin əlinin olduğunu iddia etməyə başladılar. Təbiidir ki, belə iddialar həmin dairələrin ənənəvi, qərəzli mövqeyinin növbəti göstəricisi idi. Çünki məntiqi sual oluna bilər:indiki vəziyyətdə hakimiyyətin Rahim Qazıyevi döydürmək nəyinə lazım ola bilər? Onsuz da müəyyən gərginliyin olduğu pandemiya ilə mübarizə dönəmində belə hadisələrin baş verməsi, əksinə, hakimiyyətin marağına heç uyğun deyil. Bununla bağlı iki versiya irəli sürə bilərik:
1. Rahim Qazıyevin döyülməsində keçmiş kürəkəninin əlinin olub-olmaması dəqiq araşdırılsın.
2. Bu əməli törədənlərin başlıca məqsədinin ölkədəki kriminogen vəziyyəti qarışdırmaq olması niyyətləri araşdırılsın.
Cünki hələ qədim dönəmlərdən bəri bu taktikadan geniş istifadə edirlər. Ölkədə qarışıqlıq yaratmaq üçün tanınmış adamları döyür və ya qətlə yetirirlər. Biz şahidi olduq ki, hətta Rahim Qazıyevlə fərqli siyasi əqidəni bölüşənlər də ona qarşı olan hərəkəti pisləyib. Əksər rəylər belədir ki, kimlərsə ölkəni qarışdırmağa start verib:”Keçmiş müdafiə naziri Rahim Qazıyevə küçədə xəsarət yetirilməsi məsələsi də açıq-aşkar bunun təzahürüdür”
Hadisənin üstündən bir sutkaya yaxın vaxt keçəndən sonra Rahim Qazıyevin xəsarət alması üzrə başlanan cinayət işində olayın onun keçmiş kürəkəni tərəfindən törədilməsi faktı üzrə istintaq araşdırmaları başlandığı bildirildi. Bakı şəhər BPİ Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, keçmiş kürəkəni tərəfindən R.Qazıyevə əvvəllər də analoji qaydada xəsarət yetirilməsi ilə bağlı hazırda məhkəmə prosesi aparılır. Əlavə məlumat veriləcək.
İstənilən halda, yaşlı insana qarşı belə bir halın baş verməsi pislənməlidir. Hər halda, hadisənin belə həssas məqamda niyə törədildiyi də araşdırma predmeti olmalıdır.
Məhəmmədəli QƏRİBLİ