Braziliyada həbsxanada cinayətkar qrupların saatlarla davam edən toqquşmasında ən az 57 məhbus ölüb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Para əyalətindəki Altamira həbsxanasında baş verib.
Altamira həbsxanasının bir hissədə saxlanan dəstə üzvləri kompleksin digər hissəsindəki rəqib dəstəyə hücum edib. Rəsmilər, ölənlərdən 16-nın başının kəsildiyini, qalan ölümlərin çoxunun isə həbsxanadakı yanğında zəhərlənmə nəticəsində baş verdiyini açıqlayıblar. Girov götürülən iki həbsxana işçisi də sonradan sərbəst buraxılıb.
Həbsxana rəsmiləri, hadisə baş verənə qədər belə bir hazırlığın olduğuna dair heç bir məlumatın olmadığını bildirirlər.
Qeyd edək ki, 200 nəfərlik həbsxanada 309 məhkum saxlanır, bununla belə hakimiyyət həbsxanada sıxlıq olması ilə bağlı tənqidləri qəbul etmir.
Braziliya dünyada məhkumların sayının çox olduğu üçüncü ölkədir. Ölkədə 700 mindən çox məhbus var. Digər tərəfdən ölkədə məhkumların çox olduğu həbsxanaların kriminal qruplar tərəfindən idarə olunduğuna dair iddialar var.
Son illər həbsxana iğtişaşları və kriminal qrupların qarşıdurmasında yüzlərlə adam öldürülüb.