İranın Qərblə, son vaxtlar isə xüsusilə Böyük Britaniya ilə tanker gərginliyi yaşadığı Hörmüz boğazında yenidən dünyanın əsas gündəminə çevrilir. İki gün əvvəl Britaniya HMS Duncan adlı döyüş gəmisini bölgəyə göndərmişdi. Bundan bir gün sonra isə İran Rusiya ilə birgə Fars körfəzi və Hörmüz boğazında birgə hərbi təlimlər keçirəcəklərini bəyan edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə, Rusiya Hərbi Dəniz Günü tədbirlərində iştirak etmək üçün Sankt-Peterburq şəhərində səfərdə olan İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Hanzadə İranın rəsmi xəbər agentliyi IRNA-ya açıqlama verib.
İran və Rusiya arasında hərbi əməkdaşlıq müqaviləsi imzaladığını deyən Hanzadə qeyd edib ki, İran və Rusiya hərbi dəniz qüvvələri, Hind okeanı, Fars körfəzi və Hörmüz boğazında birgə təlimlərə başlayacaq.
Hanzadə, birgə hərbi təlimlərin ilin sonuna qədər keçiriləcəyini gözlədiklərini söyləyib.