İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi Arak şəhərindəki ağır su ilə işləyən nüvə reaktorunu yenidən fəaliyyətə keçirəcəklərini bəyan edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə İSNA İran parlamentinin deputatı Mihrdad Lahuti açıqlama verib.
Onun sözlərinə görə, Salehi parlament üzvlərinə ölkənin nüvə proqramı ilə bağlı məlumat verib. Salehi Arak ağır su reaktorunun fəaliyyətə salınması üçün işlərin davam etdiyini deyib.
Xatırladaq ki, nüvə danışıqları zamanı Qərb ölkələri Arak ağır su reaktoru ilə bağlı narahatlığını ifadə edərək, İrandan reaktorun bağlanmasını və daha az miqdarda plutonium istehsal etmək üçün başqa bir reaktorun qurulmasını tələb edib. İran isə, Arak ağır su reaktorunun tibbi ehtiyaclar qarşılamaq məqsədilə radioizotopların istehsalı üçün ehtiyac duyulduğunu bildirərək tələbləri rədd edib.
Lakin, sonradan narahatlıq yaratmamaq üçün reaktoru yenidən quraraq normal plutonium istehsalının beşdə birini istehsal etməyi təklif edib.
Nüvə reaktorlarında ağır su nüvə başlıqlarında istifadə edilə bilən plutonium istehsal edilə bilər.
Qeyd edək ki, ABŞ İranla nüvə sazişindən birtərəfli qaydadada 2018-ci ildə çıxdıqdan və İrana qarşı sanksiyalar tətbiq etdikdən sonra, Tehran bu ilin may ayından başlayaraq nüvə sazişi çərçivəsində üzərinə düşən bəzi öhdəliklərin icrasını dayandırıb.