2003-cü ildən bu yana ilk dəfə olaraq ABŞ Ədliyyə Nazirliyi ölüm hökmü verilən məhkumların edam cəzasının icra ediləcəyini açıqlayıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi açıqlama yayıb.
“Edam siyahısında olan və uşaq öldürmək maddəsilə təqsirli bilinən 5 məhkum üçün Federal Cəza İcra Qurumlarına tapşırıq göndərilib. Hökmlər dekabr ayından etibarən 6 həftə ərzində icra ediləcək.
Ümumiyyətlə, edam siyahısında olan 62 məhkumun da ölüm hökmləri icra olunacaq” – açıqlamada deyilir.
Avropa Birliyi (AB), ABŞ-ın ölüm hökmünə məhkum edilmiş şəxslərin edamlarının bərpa edilməsinə "qəti şəkildə” qarşı çıxdığını bəyan edib.
Avropa Komissiyasından verilən açıqlamada deyilir ki, bu qərar həm ABŞ-da, həm də dünyada ölüm hökmünün ləğvi tendensiyasının artmasına ziddir.
Qeyd edilir ki, edam cəzası Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə ziddir: "AB ölüm cəzasının qəti əleyhinədir və bütün dünyada onun ləğvinə çalışmaqda davam edəcək".
BMT Baş Katibliyinin sözcüsü Farhan Haq da ABŞ-ın bəzi ştatlarının federal məhkəmlərinin qəbul etdiyi edam cəzalarının tətbiqinə sərt reaksiya verib. “Dünyanın harasında olursa olsun, BMT ölüm cəzasının tətbiqinə qarşıdır və bütün ölkələr edamları həyata keçirməyə qəti şəkildə son qoymalıdır” deyə BMT rəsmisi bildirib.
Qeyd edək ki, ABŞ-ın hal-hazırda 29 ştatında edam cəzası tətbiq olunur və federal qanunlara görə, ölümlər "pentobarbital" adlı zəhərli iynə vasitəsilə icra edilir.
Xatırladaq ki, Amerikada federal məhkəmələr ölüm cəzası verməyə davam etsə də, 2003-cü ildən edamlar icra olunmurdu.