İraq hərbi hava qüvvələrinin Bağdadın qərbində keçirdiyi əməliyatda İŞİD liderinin müavini öldürülüb. AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat şənbə günü axşam Fəlluca şəhəri yaxınğında içərisində İŞİD liderlərinin də olduğu səkkiz maşından ibarət avtomobil dəstəsinin hərəkəti barədə alınan operativ məlumat əsasında keçirilib. Öldürülənlər arasında başçının müavini Əbu Xəzifə əl-Yamani adlı yaraqlı ilə bərabər, qruplaşmanın daha 27 üzvü, o çümlədən 11 xarici muzdlu da olub. İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadinin taleyi isə məlum deyil. "Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, o, antiterror koalisiyasının Əl-Kaim şəhəri yaxınlığındakı hava hüçumları zamanı ağır yaralanıb. Amma nə ABŞ rəsmiləri, nə də İraqın hakimiyyət nümayəndələri əl-Bağdadinin aviazərbələr endirilən yerdə olduğunu tam əminliklə təsdiq, yaxud təkzib edə bilmirlər.