Xəbər verildiyi kimi, Azərbaycan dilində iki variantda yazılan 50-yə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır. 50-yə yaxın sözün orfoqrafiya lüğətindən çıxarılması geniş əks-səda doğurub. Dilçi-alimlərin əksəriyyəti bəzi sözlərin orfoqrafiya lüğətindən çıxarılmasını birmənalı qarşılamayıb.
Məlumdur ki, artıq yenilənmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” hazırlanır. Onu da bildirək ki, son dövrlər ən çox müzakirə edilən və barəsində müxtəlif fikirlər səsləndirilən elə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” idi. Məlum olduğu kimi, artıq Azərbaycan dilinin yeni orfoqrafiya normaları bir müddət əvvəl Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Bildirək ki, 69 maddədən ibarət olan orfoqrafiya lüğətinin layihəsi geniş ictimai müzakirəyə çıxarılmışdı və lüğətlə bağlı bir sıra alimlər, dilçilər, ziyalılar təkliflər irəli sürmüşdülər. Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra da orada yer alan bəzi sözlərin yazılışı ilə əlaqədar mübahisə doğuran fikirlər mətbuatda yer almağa başlayıb.
Məlumat üçün bildirək ki, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib.
Möhsün Nağısoylu: “Saxladığımız sözlər dilimizdə daha çox qəbul edilən, izahlı lüğətdə verilən sözlərdir”
Orfoqrafiya lüğətindən 50-yə yaxın sözün çıxarılması barədə fikir bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu qeyd etdi ki, hazırda yeni orfoqrafiya lüğətinə daxil olacaq sözlərin yazılışı yenidən yoxlanır. Lüğətin sentyabrda çapa verilməsi nəzərdə tutulur: “Ola bilsin ki, lüğətə daxil olan bəzi sözlərin yazılışı ilə bağlı Nazirlər Kabineti və Prezident Administrasiyasından kiçik düzəlişlər edilsin. Bu düzəlişlərin nədən ibarət olacağını hələ dəqiq deyə bilmərəm. Yeni orfoqrafiya lüğətinə 2013-cü ildən sonra – son 6 il ərzində dilimizə daxil olan 4000 yeni söz daxil edilib, hazırkı lüğətdə mövcud olan təxminən 1000 söz isə lüğətdən çıxarılıb. Lüğətdən çıxarılanlar qondarma, ikivariantlı sözlərdir. Bəzi sözlər həmin lüğətdə ikivariantlı yazılıb. Məsələn, lüğətdə altun da, altın da, adəm də, adam da, nəqqaş da, naqqaş da, adinə də, adına da var. Onlarla bağlı müzakirələr aparmışıq, sonda belə ikivariantlı sözlərin yalnız birini yeni lüğətdə saxlamışıq. Saxladığımız sözlər dilimizdə daha çox qəbul edilən, izahlı lüğətdə verilən sözlərdir. Məsələn, yeni lüğətdə naqqaş yox, nəqqaş, adəm yox, adam, altın yox, altun, adinə yox, adına yazılıb. “Adinə” sözü adına sözünün klassik variantı olsa da, dilimizdə daha çox işlək olan “adına” sözünü saxlamışıq”.
Akademik onu da vurğuladı ki, hazırkı lüğətdə iki variantda yazılan sözlərin sayı 100-ə yaxındır. Yeni lüğətə isə həmin sözlərdən dilimizdə daha çox işlək olanı daxil ediləcək, buna görə də əvvəllər iki variantda yazılan sözlərin 50-yə yaxını lüğətdən çıxarılacaq.
Günel CƏLİLOVA