13/12/2019 20:38
728 x 90

5 ildə 7 min tələbə təhsil haqqı probleminə görə təhsildən imtina edibsə…

“Ödənişli ixtisaslarda oxumaq üçün təhsil kreditlərinin verilməsi vacibdir”

img

Açıqlanan statistik rəqəmlərə əsasən, son 5 il ərzində 7 min şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyub, ali təhsil almaqdan imtina edib. Məlumdur ki, ölkəmizdəki təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2 min manat təşkil edir.

Bəzi ixtisaslar üzrə bu rəqəm 6500, 5000, 4500 manatdır ki, bu məbləğin də ödənilməsi hər ailənin gəlirlərinə uyğun deyil. Ölkədə fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsində 160 mindən çox tələbə var ki, onların da 70 faizi öz vəsaitləri hesabına, yəni ödənişli əsaslarla təhsil alır.

Ödənişli ixtisasa qəbul olunanların bir qismi təhsil haqqını ödəməkdə çətinlik çəkdiyi üçün təhsili yarımçıq qoyur. Bu cür gənclərə dəstək olmaq üçün onlara təhsil krediti verilir. Ancaq bizdə bu məsələ hələ gerçək olmayıb. Çünki təhsil krediti ilə bağlı qanun layihəsi hələ hazır deyil.

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə vətəndaşlar üçün təhsil kreditləri var. Məsələn, Kanadada bu işi üzərinə dövlət götürüb. Belə ki, Kanada dövləti tələbələrə güzəştli kreditlər verir. Tələbələr dövlətlə müqavilə bağlayırlar. Bu həm ölkədə təhsil səviyyəsinin artmasına səbəb olur, həm tələbələr yaxşı oxumağa çalışırlar ki, universiteti bitirəndən sonra yaxşı mütəxəssis kimi özlərinə iş tapa bilsinlər, həm də dövlət ölkə universitetlərinə maddi dayaq olur.

  • Məlahət Mürşüdlü: “Elə tələbələr tanıyıram ki, 3-cü kursa kimi borc-xərclə bir təhər oxuyub, ancaq sonradan...”

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bildirdi ki, tələbə adı qazananların ödənişli ixtisaslarda oxuya bilmələrinin tək çıxış yolunu təhsil kreditində görür: “Ödənişli ixtisaslarda oxumaq üçün təhsil kreditlərinin verilməsi vacibdir. Tək çıxış yolu da budur. Bank o krediti tələbə ilə müqavilə bağlayaraq verməli, tələbə də ali məktəbi bitirdikdən sonra işləyəndə onun maaşından çıxılmalıdır. Bizdə dövlət universitetləri pulsuz olmalıdır. Bu, Konstitusiyada da göstərilib ki, dövlət təhsil müəssisələrində, istər orta məktəbdə, istərsə də ali məktəblərdə təhsil pulsuzdur. Ancaq təəssüf ki, universitetlərimizin 80-85 faizində təhsil pulludur. Camaatın sosial-iqtisadi vəziyyəti nəzərə alınmadan çox yüksək təhsil haqları təyin edilir. Bu üzdən də tələbələrin çoxu Türkiyə universitetlərinə üz tutur. Çünki orada ödənişli təhsil Azərbaycandakından dəfələrlə aşağıdır. Türkiyənin yüksək səviyyəli universitetlərində təhsil haqları 500-700 dollar arasındadır. Ancaq bizdə bundan dəfələrlə çoxdur və hər il də artmaqda davam edir. Elə tələbələr tanıyıram ki, 3-cü kursa kimi borc-xərclə bir təhər oxuyub. Ancaq sonradan təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoymalı olub. Yaxud da uşaqlar var ki, gündüz dərsə gəlir, gecələr də işləyirlər. Dərsdə də başını partaya qoyub yatır. Bu adamı qınamaq da olmur. Axı bu uşaq təhsil haqqını ödəmək üçün gecələr işləyir”.

Günel CƏLİLOVA

Son xəbərlər