Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində “Audiokitab” layihəsinin təqdimatı keçirildi. Təqdimat mərasimində layihədə iştirak edən aktyorlar, ölkənin tanınmış sənət adamları iştirak edirdilər.
“Audiokitab” MMC-nin direktoru, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov çıxış edərək bildirdi ki, bu layihənin əsas məqsədi milli və tərcümə ədəbiyyatı nümunələrini aktyor və aktrisalarımızın səsində dünya azərbaycanlılarına çatdırmaq, eyni zamanda, bu əsərlərlə ölkə əhalisini, görmə əngəlli insanları tanış etməkdir. O qeyd etdi ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu əsərlərə ana dilimizdə, öz aktyorlarımızın səsində qulaq asmağı daha çox istəyərlər.
H.Həsənov vurğuladı ki, “Audiokitab” ümumtəhsil və ali məktəblərdə təhsil alanlar üçün bütün ədəbiyyatlara, tarixi mühazirələrə xüsusi önəm verib və bütün bunlar audiokitab tətbiqində öz əksini tapıb. O qeyd etdi ki, hər bir tələbə, hər bir şagird asanlıqla bu kitabları yükləyib istifadə edə bilər. Onun sözlərinə görə, görmə qabiliyyəti olmayan insanlar da rahatlıqla audiokitab layihəsindən istifadə edə biləcəklər. Layihə çərçivəsində indiyə qədər 400-dən çox müxtəlif səpkili kitab səsləndirilib.
Günel CƏLİLOVA