Fatimə Hacıbəyli: “Çox arzu edərdim ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə aid aksesuarlar, simvolik hədiyyələr də satışa çıxarılsın”
Qarşıdan ənənəvi Yeni il bayramı gəlir. Bütün dünya xalqları tərəfindən qeyd edilən Yeni il bayramına hazırlıq prosesinə başlanıb. Paytaxtımızın hər bir məkanında küknar ağacları, yolkalar, eləcə də bayram aksesuarları satılır. Bura müxtəlif formalı və təsvirli oyuncaqlar, gəlinciklər, şarlar, zərlər, açıqcalar, bayram hədiyyələri daxildir.
Sözsüz ki, bütün bunlar uşaqlarımızın bayram sevincini daha da artırır, onlar yeni ili daha böyük həvəslə qeyd edirlər. Satışda olan aksesuarların, demək olar ki, hər birinin üzərində təbrik mesajları ingilis və rus, az hallarda isə türk dillərində yazılır, heç bir aksesuarın üzərində ana dilimizdə bayram təbrikinə rast gəlinmir. Yəni insanlara bütün bayram təbrikləri əcnəbi dillərdə çatdırılır.
Azərbaycan dilinin saflığının qorunması ilə bağlı ciddi ictimai tədbirlərin geniş vüsət aldığı bir vaxtda bayram aksesuarlarının, hədiyyə və açıqcalarının üzərində yazıların Azərbaycan dilində olmasına zərurət var.
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə bildirdi ki, bu məhsullar, aksesuarlar xarici ölkələrdə istehsal edilsə də, bunların üzərindəki yazılar Azərbaycan dilində olmalıdır. “Biz artıq neçə ildir 31 dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirik. Həmin gün həm də yeni ili qarşılayırıq. Bu gün şəhərimizin çox yerində bayram yarmarkaları təşkil olunub, bütün mağazalarda yeni il aksesuarları, simvolları satılır. Bu çox yaxşıdır. Lakin təəssüf ki, hələ bu aksesuarların üzərindəki yazılar əcnəbi dillərdədir. Azərbaycan dili rəsmi dövlət dilidir və ölkəmizə gətirilən bütün məhsulların, bayram aksesuarlarının üzərindəki yazılar Azərbaycan dilində olmalıdır. Bu, dilimizin təbliği baxımından çox əhəmiyyətli olardı. Bayramları uşaqlara öz adətlərimiz, dilimiz müstəvisində sevdirməliyik. Yeni il aksesuarlarının, hədiyyələrin, gəlincik və oyuncaqların üzərindəki yazılar əcnəbi dillərdə yox, Azərbaycan dilində olmaldır”.
F.Hacıbəyli, həmçinin, vurğuladı ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə aid aksesuarlar da satışa çıxarılmalıdır. “Çox arzu edərdim ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə aid aksesuarlar, simvolik hədiyyələr, həmrəyliyi ifadə edən açıqcalar satışa çıxarılsın” - deyə F.Hacıbəyli qeyd etdi.
İradə SARIYEVA