İsmayıl Əhməd: “Din fənninin tədrisi xaricdə və daxildə qanuni dini təhsil almış mütəxəssislərə həvalə olunmalıdır”
“Dini radikal cərəyanların Azərbaycana ayaq açmaması üçün qanunu sərtləşdirmək lazımdır”. Bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov "Dini qurumlar və sosial media" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bəzi qüvvələr sosial şəbəkələrdən fəal istifadə etməklə Azərbaycanı geriyə aparmağa və islami dəyərlərin hakim olduğu islam dövlətinə çevirməyə çalışırlar. Odur ki, problemimiz radikal dini cərəyanlarla bağlıdır: “Ölkədə sabitliyin pozulması üçün əsas təhlükə radikal dini cərəyanlardan və ideologiyalardan gəlir. Bu sahədə daha ciddi problemlər yaranır. Azərbaycanda baş verən iqtisadi inkişaf ayrı-ayrı ölkələr tərəfindən müsbət qarşılanmır. Bəzi ölkələr var ki, Azərbaycanla bağlı sistemli şəkildə qarayaxma işi ilə məşğuldur. Bundan da Ermənistan, erməni lobbisi istifadə etməyə çalışır".
Dini radikal cərəyanların Azərbaycana siraət etməməsi üçün qanunvericiliyin sərtləşdirilməsi təklifini ekspertlər də dəstəkləyirlər.
İlahiyyatçı-ekspert İsmayıl Əhməd “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, radikal cərəyanların ölkəyə ayaq açmaması üçün insanlar arasında maarifləndirmə işi aparılmalıdır. Bu, ilk olaraq, orta məktəblərdən başlanmalıdır: “Bununla bağlı müəyyən qaydalar tətbiq olunmalıdır. Din fənnini tədris edənlər bu sahəyə aid olan şəxslər olmalıdır. Bu fənn xaricdə və daxildə qanuni dini təhsil almış mütəxəssislərə həvalə olunmalıdır. Onlar qanun çərçivəsində din haqqında məlumatları tədris edəcəklər.
Danılmaz faktdır ki, maariflənməyən insan bir çox hallarda özü də bilmədən bəzi cərəyanların qurbanına çevrilir. Bu kimi olayların qarşısını almaq üçün qanun sərtləşdirilməlidir. Qanunvericilik sərtləşənə qədər bəzi işləri görmək olar. Məsələn, ixtilafa səbəb olan kitablar ölkəyə daxil olmamalı, eyni zamanda, ölkədə çap olunmasına qadağa qoyulmalıdır. Həmçinin, məscidlərdə və evlərdə dini dərslərə nəzarət olunmalıdır. İnsanların maariflənməsi üçün efirə sağlam düşüncəli ruhanilər və din xadimləri dəvət olunmalıdır”.
Günel CƏLİLOVA