Mehriban Zeynalova: "Yeni ailə quran cütlüklərin nikahını rəsmiləşdirməməsi tək onların ailələrinin deyil, həm də bəzi qurumların günahıdır"
Son zamanlar ölkəmizdə nikahdankənar uşaqların sayının artdığı müşahidə olunur. Hətta rəsmi rəqəmlər də təsdiq edir ki, ölkədə nikahdankənar doğulanların sayı artıb.
Maraqlı məqam odur ki, nikahdankənar doğulanların sayı şəhərlə müqayisədə kənd yerində daha çox artıb. Nikahdankənar uşaqların sayının artmasına müxtəlif səbəblər göstərilir.
Məsələ barədə fikir bildirən "Təmiz Dünya" Birliyinin rəhbəri Mehriban Zeynalova "Bakı-Xəbər"ə açıqlamasında bu problemin əsas səbəbinin mövhumatçılıq olduğunu vurğuladı. Onun sözlərinə görə, bəzi ailələr hələ də dini nikahlara üstünlük verdiyi üçün o cütlüklərdən dünyaya gələn uşaqlar nikahdankənar sayılır: "Yeni ailə quran cütlüklərin nikahını rəsmiləşdirməməsi tək onların ailələrinin deyil, həm də bəzi qurumların günahıdır. Məsələn, hansısa bir kənd və ya qəsəbədə həftə və ya ay ərzində nə qədər toy olduğunu bələdiyyələr müəyyənləşdirməlidir. Bələdiyyələr toyu olan cütlüklərin nikahının rəsmiləşdirilib-rəsmiləşdirilməməsini müəyyən etməlidir. Bu məsələ sosial problem olduğu üçün ərazi üzrə cavabdeh olan qurumlar onunla məşğul olsa, körpələrimiz nikahdankənar sayılmaz. Həmin qurumlar bu məsələyə könüllü olaraq qoşulmalıdır".
Həmsöhbətimiz onu da əlavə etdi ki, nikahdankənar doğulan uşaqların sayının artması səbəblərindən biri də qanundankənar doğulanlardır: "Qanundankənar dünyaya gələn uşaqlar dünyanın hər bir yerində var. Bu bir faktdır. Xarici ölkələrdə uzun müddət bir yerdə yaşayan cütlüklərin nikahdankənar övladı dünyaya gələrsə, valideynlər dərhal öz öhdəliklərini anlayıb münasibətlərini rəsmiləşdirir. Ancaq bizdə isə vəziyyət fərqlidir. Nə qadın, nə kişi, nə də onların valideynlərin uşaq qarşısında öhdəlik və məsuliyyətini anlamır. Belə olan halda, kifayət qədər hüquqi problemlər yaranır".
Həmsöhbətimizin sözlərinə görə, münasibətləri rəsmiləşdirilməyən ailələrdə bir sıra problemlər yaranır. O problemlər arasında əsasən əmlak və madiyyat məsələləri üstünlük təşkil edir: "Bəllidir ki, kənd yerində yaşayan qadının nə təhsili, nə də işi-gücü olur. O cür qadınların iqtisadi vəziyyəti ağır olur. Nə oğlan, nə də qızın yaxınları ona yaxın durmur. Belə olan halda, ana övladından imtina etməli olur. Ana öz övladını ya atasına, ya da uşaq evlərinə verir".
Birlik sədri təəssüf hissilə onu da diqqətə çatdırdı ki, əhalinin bir qisminin hələ də qız uşağına münasibəti dəyişməyib: "Kənd yerlərində qız uşaqları orta məktəbi bitirməmiş ərə verilir. Ucqar ərazilərdə yaşayan valideynlərin əksəriyyəti erkən yaşda olan qızını ilk elçi kim gəlsə, ona verir. Valideynlər elçinin kimliyini, xarakterini araşdırmadan qızı ərə verir ki, amandır onların qızı "evdə qalmış" sayılmasın".
Günel CƏLİLOVA