Yekaterinburqda Azərbaycan diasporu üzvlərinin keçmişdə toplaşdığı yer olan "Kaspiy" kafesi sökülür. "Kommersant" qəzetinin məlumatına görə, bu barədə şəhərin ictimai palatasının üzvü Dmitri Çukreyev məlumat verib.
Kafe ötən yay Yekaterinburqda Azərbaycan vətəndaşlarının kütləvi şəkildə saxlanılmasından sonra vəfat edən Hüseyn və Ziyəddin Səfərovlara məxsus olub. Saxlananlardan əksəriyyəti daha sonra azad edilib, lakin bəziləri həbs edilib. Qəzet təhlükəsizlik rəsmilərinə istinadən bildirir ki, tutulanların hər üçü guya 2000-ci illərdə qətllərdə və sui-qəsd cəhdlərində iştirak ediblər. Müstəntiqlər onların cinayətləri biznesdə təsir dairələrini bölüşdürmək və Azərbaycan diasporu daxilində liderlik uğrunda mübarizə aparmaq üçün törətdiklərini iddia edirlər.
Bildirilir ki, yanvar 15-də Yekaterinburqun Kirovski Rayon Məhkəməsində Şücayəddin Rəcəbov, Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərov, keçmiş diaspor lideri Şahin Şıxlinski və onun oğlu Mütvəla Şıxlinski barəsində cinayət işi üzrə dinləmələr başlayacaq.
Xatırladaq ki, dekabrın əvvəlində Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi Azərbaycan icmasının və "Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclik və İdman Mərkəzi"nin yeni rəhbəri Vidadi Mustafayevi həbs edib. O, sentyabr ayında keçmiş diaspor lideri Şahin Şıxlinskinin həbsindən sonra vəzifəsinin icrasına başlayıb.
TAHİR