Xəbər verildiyi kimi, özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada əksini tapıb.
Konsepsiyaya əsasən, özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyəti nəticəsində məhkəmə ekspertizası sahəsində alternativlik təmin ediləcək. Özəl məhkəmə ekspertizası institutunun fəaliyyət dairəsi genişlənəcək. Bununla da məhkəmə ekspertizası xidmətlərinə əlçatanlıq artacaq, rəqabətli mühit şəraitində ekspertiza sahəsinin inkişafına nail olunacaq.
Əziz Qənbərov: “Qəbul edilmiş dövlət proqramı mütərəqqi addımdır, ancaq bu özəl məhkəmə ekspertiza mərkəzlərinə ciddi dövlət nəzarəti olmalıdır”
Vəkil Əziz Qənbərov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, istənilən sahədə rəqabət inkişafa xidmət edir: “Lakin bəzi hallarda isə bu uğurlu alınmır. Məsələn, özəl qiymətləndirmə şirkətləri yarandıqdan sonra bu məsələdə ciddi problemlər ortaya çıxdı. Eyni əşyanı bir qiymətləndirmə bazara uyğun qiymətləndirir, digəri isə kəskin şəkildə ya artır, ya da azalır. Bu da bu sahədə ciddi problemlərə səbəb olur, yersiz məhkəmə mübahisələri yaradır. Hesab edirəm ki, qəbul edilmiş dövlət proqramı mütərəqqi addımdır, ancaq bu özəl məhkəmə ekspertiza mərkəzlərinə ciddi dövlət nəzarəti olmalıdır”.
Hüseyn Axundov: “Yeni konsepsiyada özəl məhkəmə ekspertizası institutlarının yaradılması və tətbiqi nəzərdə tutulur”
Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yeni konsepsiyada özəl məhkəmə ekspertizası institutlarının yaradılması və tətbiqi nəzərdə tutulur: “Bu addım məhkəmə ekspertizasında alternativliyin təmin edilməsinə, xidmətlərin əlçatanlığının artmasına və rəqabət mühitinin genişlənməsinə xidmət edəcək. Həmçinin, kadr hazırlığına diqqət artırılacaq, məhkəmə ekspertizası ixtisası üzrə tələb olunan baza təhsili sahələrinin müəyyənləşdirilməsi və peşəkar kadrların cəlb olunması üzrə tədbirlər görüləcək. Konsepsiya məhkəmə ekspertizasının fəaliyyətini modernləşdirmək, beynəlxalq standartlarla uzlaşdırmaq və sahədə effektiv idarəetmə mexanizmləri yaratmaq məqsədini daşıyır”.
Günel CƏLİLOVA