Sükan arxasında sərxoşluq ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd edilib.
Bildirilib ki, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb olan əsas amillərdən biridir:
"Statistik məlumatlara əsasən, ötən həftə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri arasında sərxoşluq amilinin yer alması bu təhlükənin hələ də aktual olduğunu göstərir. Görülən nəzarət-profilaktik tədbirlər nəticəsində sərxoşluq səbəbindən baş verən yol qəzalarının sayı ötən ilin 11 ayı ilə müqayisədə 12 fakt azalaraq 7-yə düşsə də, xüsusilə toy və digər şadlıq mərasimləri zamanı sərxoş halda sükan arxasına əyləşən sürücülərin olması bu təhlükənin tam aradan qalxmadığını göstərir.
Sərxoş vəziyyətdə sükan arxasına əyləşmənin doğurduğu nəticələr təkcə sürücünün deyil, eyni zamanda digər yol hərəkəti iştirakçılarının və onların ailələrinin həyatına ağır təsir göstərir. Hər belə fakt bir neçə insanın taleyində silinməz iz buraxır. Bu səbəbdən, inzibati tədbirlərlə yanaşı, hər bir vətəndaşın şəxsi məsuliyyət hissi ilə hərəkət etməsi böyük əhəmiyyət daşıyır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, sərxoş halda nəqliyyat vasitəsi idarə etməyin ağır və geri dönüşü olmayan nəticələrə səbəb olduğunu xatırladır, baş verən hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər insanların həyat və sağlamlığına qarşı məsuliyyətli və diqqətli davranmağa çağırır", - məlumatda qeyd olunub.
ZÜMRÜD