Aslan Əsədov: “Tələbələrin də bu kateqoriyaya şamil edilməsi onların sosial vəziyyətini yaxşılaşdırar”
“Bakı Metropoliteni” QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir. Qurum sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur:
“Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları, digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”.
Maraqlıdır, gediş haqqı məsafəyə görə ödəniləcək və kimlər güzəştli kartlardan yararlana biləcək?
“Gediş haqqının məsafəyə görə təyin olunması ölkəmizdə tətbiq oluna bilməz, çünki bizdə metrostansiyaların sayı elə də çox deyil”
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, xarici ölkələrdə bir sıra güzəştli təbəqəyə aid olan şəxslər güzəştli kartlardan istifadə edir: “Bizdə bunun necə olacağını zaman göstərəcək. “Bakı Metropoliteni” QSC-nin təqdim etdiyi sosial paketlər layihəsi genişlənərsə, bu, Nazirlər Kabinetinə göndəriləcək. Təsdiq olunarsa, xüsusi bir qərarla təqdim olunacaq və müəyyən bir hissə metrodan güzəştli şərtlərlə istifadə edəcək. Tələbələrin də bu kateqoriyaya şamil edilməsi onların sosial vəziyyətini yaxşılaşdırar. Etiraf edək ki, sosial qrupun müəyyən təminatlarla təmini ilə bağlı hazırda bəzi güzəştlər var. Belə ki, mühafizə xidməti əməkdaşları, 5 yaşına qədər olan uşaqlar, metropolitenin əməkdaşları və digər sosial qrupa aid olanlar metrodan pulsuz istifadə edir”.
Gediş haqqının məsafəyə görə təyin olunmasına gəlincə, həmsöhbətimiz bildirdi ki, hazırda bu təcrübə bir sıra ölkələrdə tətbiq edilir: “Əsasən metrostansiyası çox olan ölkələrdə gediş haqqı məsafəyə görə təyin olunur. Hər hansı bir şəhərin 70-80 stansiyası varsa, orda bu qaydadan istifadə edilir. Hesab edirəm ki, məlum qayda ölkəmizdə tətbiq oluna bilməz, çünki bizdə metrostansiyaların sayı elə də çox deyil”.
Günel CƏLİLOVA