Rizvan Fikrətoğlu: “Tədris dili fərqli olanlarda da imtahan elektron formada keçirilir”
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanının da rəqəmsal formada keçirilməsi nəzərdə tutulur. Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu imtahanlar hələlik kağız variantda keçirilir, yaxın gələcəkdə bu imtahanlar da onlayn formata keçiriləcək.
Maraqlıdır, elektron imtahanlara keçid təhsil sisteminə necə təsir edəcək?
“Elektron imtahan keçirilməsinin faydası çoxdur, belə ki, abituriyent imtahanın cavabını anında, dərhal öyrənə bilir, ancaq mənfi tərəfi odur ki…”
Təhsil eksperti Rizvan Fikrətoğlu "Bakı-Xəbər"ə şərhində bildirdi ki, kontingent az olan sayda Dövlət İmtahan Mərkəzi imtahanları elektron keçirir: "DİM-in elektron imtahanlar korpusu var və bu yeni yaranıb. Bu korpusda imtahanlar qeyd edilən formada həyata keçirilir. Dövlət qulluğuna qəbul, xüsusi dövlət qurumlarına imtahan elektron şəkildə keçirilir. Bu da kontingenti az olan imtahanlarda keçirilir. Məlumdur ki, buraxılış imtahanlarında kontingent çox böyük olur, elektron imtahan götürmək mümkün olmur. Eləcə də tədris dili fərqli olanlarda imtahan elektron formada keçirilir".
Həmsöhbətimiz onu da əlavə etdi ki, DİM yaxın gələcəkdə bütün imtahanları elektron formada keçirməyi hədələyir: "Ümumiyyətlə, elektron imtahan keçirilməsinin faydası çoxdur. Belə ki, abituriyent imtahanın cavabını anında, dərhal öyrənə bilir. Cavabı öyrənmək üçün günlər, həftələr gözləmir. Bundan əlavə, elektron imtahan bizi kağız daşıyıcılarından xilas edəcək. Bəllidir ki, kağız əldə olunması üçün ağaclar kəsilir. Təbiətin qorunması baxımından imtahanların bu formada keçirilməsi daha məqbuldur. Ancaq onu da deyim ki, elektron imtahanlarda hesablama tipli suallarda abituriyent çətinlik çəkir. Düzdür, ona kağız verilir, ancaq bu əlavə vaxt aparır. Elə insanlar var ki, hələ də kompüterdə işləməyi bacarmır. Bu kimi amillər elektron imtahanın ziyanları sayılır".
Günel CƏLİLOVA