Pərvanə Mustafayeva: “Azərbaycanda əczaçılıq sənayesi çox zəifdir. Bütün dərmanlar Azərbaycana xaricdən daxil olur”
Son vaxtlar dərmanların qiymətində kəskin artım müşahidə olunur. Tələbatın yüksək olduğu dərman pereparatları ya tapılmır, ya da olduqca baha qiymətə satılır. Dərmanların qiyməti, çeşidindən asılı olaraq, orta hesabla 10-15 faiz civarında bahalaşıb.
Məlumata görə, son zamanlar 50 qramlıq “Dermovate” tərkibli məlhəmin qiyməti birdən-birə 11 manatdan 16 manata qaldırılıb. Maraqlıdır, adıçəkilən preparatın satış qiyməti niyə birdən-birə 5 manat yüksəlib?
“Dermovate” adlı məlhəm Britaniya istehsalıdır. Həmin ölkədən Azərbaycana hansısa preparatın idxal olunması heç də asan başa gəlmir”
Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dərmanlar əhalinin cibinə görə baha hesab oluna bilər: “Qiymətləri Tarif Şurası müəyyənləşdirir. Onu da deyim ki, bizdə keyfiyyətli dərmanlar çox bahadır. Amma dünya miqyasında keyfiyyətli dərmanların qiyməti ümumiyyətlə bahadır".
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda dərmanların, tibbi avadanlıqların qiymətinin baha olmasının əsas səbəbi sözügedən sahənin idxaldan asılı olmasıdır: “Azərbaycanda əczaçılıq sənayesi çox zəifdir. Bütün dərmanlar Azərbaycana xaricdən daxil olur. Yerli istehsalla bağlı cəhdlər də effektsiz olub. “Dermovate” adlı maz Britaniya istehsalıdır. Həmin ölkədən Azərbaycana hansısa preparatın idxal olunması heç də asan başa gəlmir. Onu da deyim ki, dərmanların qiymətini süni şəkildə qaldıran möhtəkirlər də az deyil. Onlar indiki məqamdan sui-istifadə edərək qiyməti artırırlar. Kimlərinsə dəstəyilə açıqlan apteklərdə süni qiymət artımı halları da var. Müvafiq qurumlar dərmanların qiymətinə nəzarəti gücləndirməlidir. Möhtəkirlərə qarşı tədbirlər görülməlidir”.
Ekspert hesab edir ki, Azərbaycanın fauna və florası da imkan verir ki, yerli dərman istehsalına rəvac verilsin: “Yerli dərman istehsalına hazır olan müəssisələr var. Lakin çox təəssüf ki, onların yerli dərman istehsalı etməsinə şərait yaradılmır. Bunun da səbəbi odur ki, dərman idxalı ilə məşğul olanlar yerli istehsalın başlamasına imkan vermir”.
Günel CƏLİLOVA