Fərid Həşimov: “Obyekt sahibi məkan qarşısındakı park yerinin ona aid olduğunu bəyan edirsə, müvafiq sənədləri təqdim etməlidir”
Azərbaycanda avtomobillərin sayı gündən-günə artır. Amma avtomobillər çoxaldıqca özü ilə problemlər də gətirir. Bu problemlərdən biri də avtomobillərin parklanmasıdır.
Qadağan olunmuş yerdə parklanma edən hər bir sürücü bilməlidir ki, digər yol hərəkət işitirakçılarının, o cümlədən ictimai nəqliyyatın da hərəkətinə mane olur ki, bu da gün ərzində yüz minlərlə insanın mənzil başına vaxtında çata bilməməsinə, tıxaclara gətirib çıxarır.
Bakı şəhərində qanunsuz parklanmalar artmaqdadır. Artıq demək olar ki şəhərin əksər hissələrində yol kənarları, boş yerlər ayrı-ayrı şəxslər tərəfindən zəbt edilib, yolların kənarları, piyada səkilərində qanunsuz parklanma yerləri yaradılıb. Hətta şəhərin bəzi yerlərində dükanların, gözəllik salonlarının, obyektlərin qarşısına qırmızı rəngli “maşın saxlamaq olmaz” yazılı əşya qoyurlar. Bununla da şəhərdə parkinq problemi daha da uzanır.
“Obyektin bu əraziyə sahib olması ilə bağlı rəsmi sənədləri yoxdursa, o zaman obyektin sahibi vətəndaşın hüquqlarını pozaraq ərazini qanunsuz zəbt edir”
Nəqliyyat sahəsi üzrə ekspert Fərid Həşimov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, obyekt sahibi məkan qarşısındakı park yerinin ona aid olduğunu bəyan edirsə, müvafiq sənədləri təqdim etməlidir: “Əgər obyektin bu əraziyə sahib olması ilə bağlı rəsmi sənədləri yoxdursa, o zaman obyektin sahibi vətəndaşın hüquqlarını pozaraq ərazini qanunsuz zəbt edir. Belə hallarla qarşılaşdıqda mütləq aidiyyəti quruma müraciət edilməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün parklanma problemi tək obyektlərin qarşısında deyil, yaşayış binalarının qarşısında da müşahidə olunur: “Belə ki, Bakıda bəzi yaşayış binalarında avtomobil dayanacaqları ilə bağlı ciddi problemlər var. Binalar tikilir, ancaq avtomobil saxlamaq üçün yer olmur. Binanın sakinləri də məcburiyyətdən, avtomobillərini kənar ərazilərdə saxlayır ki, bu da öz növbəsində tıxacların yaranmasına səbəb olur. Tikilən binalarda mənzillərin sayına uyğun avtomobil dayanacaları olmalıdır. Ancaq təəssüf ki, bəzi sahibkarlar çox pul qazanmaq üçün bunları nəzərə almır. Bütün bunlar tikinti planında öz yerini tapmalıdır. Tikilən binalar tikinti planında öz yerini tapmırsa, həmin layihələr öz təsdiqini tapmamalıdır. Biznes mərkəzlərinə də eyni tələb olmalıdır”.
Günel CƏLİLOVA