Eyyub Hüseynov: “Ölkənin ən tanınmış və bahalı şadlıq evlərindən birində bunlar baş verirsə, görün, digərlərində nələr baş verir”
Məlum olduğu kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakının Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən “Sərin” şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlayıb.
Maraqlıdır, mənşəyi məlum olmayan məhsullar şadlıq saraylarına niyə "ayaq açır", bunun səbəbləri və həll yolları nələrdir?
“Toy edənin mətbəxə baxış keçirməsi, qidaların, ərzağın saxlandığı yerə baxması nadir hallarda baş verən hadisədi, bəlkə də ümumiyyətlə belə hal baş vermir”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun 1995-ci ildə qəbul olunub: “O vaxtdan qanun dəyişməyib. İstehlakçı hüquqları məsələsi tam arxa plandadır. Hökumət biznes qurumları üçün bir toxunulmazlıq şəraiti yaradıb. Bundan isə sui-istifadə edilir. AQTA-nın əsasnaməsində mütləq dəyişiklik olunmalıdır. AQTA xəbərdarlıq etmədən, cəld yoxlama imkanlarına malik olmalıdır. Hazırkı yoxlama rejimi bürokratikdir”.
Ekspert bildirdi ki, ölkənin ən tanınmış və bahalı şadlıq evlərindən birində bunlar baş verirsə, görün, digərlərində nələr baş verir: “Ümumiyyətlə, bu kimi halların mövcudluğunun səbəbi hökumətin istehlakçı siyasətindən qaynaqlanır. İctimai iaşə obyektlərində sanitar-texniki, eləcə də sanitar-gigiyenik normaların pozulması və nöqsanların aradan qaldırılmamasında əhalinin də “payı” var. Çox zaman əhali gigiyenik normalara nə dərəcədə riayət edildiyinin fərqinə varmır. İnsanları qonaqlara hansı yeməklərin təqdim olunacağı, ətin haradan gətiriləcəyi, menyuda nə var, nə yox, menyunun qiyməti maraqlandırır. Toy edənlə, şadlıq sarayı inzibatçısı arasındakı söhbətin əsas məzmunu bu olur. Masaya nələr veriləcək, menyu neçəyədi, nəyi menyudan çıxarmaq olar ki, qymət bir az aşağı düşsün, buna bənzər məsələlər, toy edənin mətbəxə baxış keçirməsi, qidaların, ərzağın saxlandığı yerə baxması nadir hallarda baş verən hadisədi, bəlkə də ümumiyyətlə, belə hal baş vermir. Ona görə də şadlıq sarayı rəhbərliyi də təmizlik, normalara riayət etmək kimi məsələlərə ikinci, üçüncü dərəcəli iş kimi baxır. Rəhbərlik də əsas diqqəti menyuya və əlbəttə ki, daha çox gəlir əldə etməyə yönəldir. Nəticədə bu kimi hallar yaşanır. İstehlakçılar da tələbkar olmalıdır. Əgər hansısa kafedə, restoranda əyləşib yemək sifariş edirsənsə, keyfiyyətli xidmət görəcəyindən əmin olmalısan. Bunun üçün də tələbkar olmaq lazımdır. İstehlakçının haqqı var ki, xörəyin hansı ərzaqla və hansı şəraitdə bişirildiyini bilsin”.
Günel CƏLİLOVA