Bir neçə gün öncə kuryerlərin təhlükəsizliyinə dair sosial şəbəkədə paylaşılan video səs-küyə səbəb olub. Videoda bir kuryer sifarişini gətirdiyi ünvanın qəbiristanlıq olduğunu gördükdən sonra sifarişçi ilə arasında yaranan mübahisə sosial şəbəkədə gündəm olub.
Sifarişçi kuryerin qəbiristanlığa daxil olmasını istəsə də, kuryer bu təklifi qəbul etmir və sifarişin qaydalara uyğun təyin edilmiş ünvandan götürülməsini istəyir. Kuryer qəbiristanlığa daxil olmaq istəmədikdə, məhz sifarişçi, "qorxursan?" deyərək onu acılayıb. Bu hadisə kuryerlərin işlədikləri mühitin təhlükəsizliyi barədə yeni suallara səbəb olub.
Maraqlıdır, Bakıda kuryer xidmətləri və təcili çatdırılma edən şirkətlər işçilərinin təhlükəsizliyini necə təmin edirlər? Ümumiyyətlə, kuryerlərin hüquqları necə qorunur?
İlqar Hüseynli: “Kuryerin təhlükəsizliyi məsələsində işəgötürən hər hansı bir məsuliyyət daşımır”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kuryerlər işə qəbul olarkən onlarla daxili qaydalara əsaslanan müqavilə bağlanır: “Son illər kuryer xidmətindən çox mütəşəkkil şəkildə istifadə olunur. Təəssüf ki, kuryer xidməti qanunla deyil, daxili qaydalarla tənzimlənir. Kuryerin təhlükəsizliyi məsələsində işəgötürən hər hansı bir məsuliyyət daşımır. Kuryerlərin gecikməsinə səbəb şəhərdəki tıxaclardır. Kuryerlər bəzi hallarda yol hərəkəti qaydalarını pozur, işıqforun qırmızı işığından keçir, müxtəlif manevrlər edir, qəza şəraiti yaradır, ölümlə nəticələnən hadisələrə yol verirlər. Digər sürücülərə tətbiq olunan cəza qaydaları kuryerlərə də şamil olunmalıdır. Lakin nəzərə almaq lazımdır ki, o da sifarişin vaxtında çatdırılmasına çalışır, ona görə də qayda pozuntularına yol verir. Sifarişi gecikirsə, müştəri səbrli, anlayışlı olmalı, nəzərə almalıdır ki, Bakının küçələrində tıxaclar olur”.
Hüseyn Axundov: “Çatdırılma ilə bağlı şübhəli məqam varsa, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir”
Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, digər sahənin işçiləri kimi kuryerlərin də hüquqları qanunla tənzimlənməlidir: “Əmək müqaviləsi olmadıqda, işçilərlə xidməti müqavilə imzalandıqda heç bir hal tənzimlənmir. Onlar qəzaya uğrayıb sağlamlıqlarını itirəndə, həlak olanda, texnikalarına zərər dəyəndə, üçüncü şəxsə ziyan vuranda öhdəlikləri özləri qarşılamalı olurlar. Onu da deyim ki, çatdırılma ilə bağlı şübhəli məqam varsa, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Bu zaman şirkət kuryerini həmin məntəqəyə göndərməyə bilər. Sifarişdən imtina edə bilər. Həmçinin, sifarişçi kuryeri təhqir edibsə, o bununla bağlı məhkəməyə də müraciət edə bilər”.
Günel CƏLİLOVA