Son illər ölkəmizdə məhkəmə qərarı ilə əmlakı müsadirə edilən vətəndaşların sayında artım müşahidə edilir. Belə ki, əksər hallarda barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsin, eyni zamanda əmlakının müsadirə olunması barədə qərar çıxarılır.
Düzdür, bu addım bəzən təqsirləndirilən şəxslərin narazılığına səbəb olsa da, nəticə nadir hallarda dəyişdirilir. Üzərinə həbs qoyulmuş əmlakın qanunla müəyyən edilmiş hallarda və qaydada idarə edilməsi ilə əlaqədar tədbirlər görülə bilər. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə Mülki Məcəlləyə edilən dəyişiklikdə əksini tapıb.
Qeyd etdiyimiz kimi, müsadirə olunan əmlakların taleyi hər zaman qaranlıq qalırdı.
Hüseyn Axundov: “Qanuna edilən dəyişiklik bu sahədə yaşanan neqativ problemlərin həll olunmasına səbəb olacaq”
Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əmlakın müsadirəsi qanunvericiliyin müfaviq maddələri ilə tənzimlənir: “Əgər şəxs cinayət vasitəsilə müəyyən qazanc əldə edibsə, həmin qazanc müsadirə olunmalıdır. Əgər həmin əmlakı satıb başqa bir əşya alıbsa, o zaman həmin əşya müsadirə olunur. Bundan başqa, hər hansı qeyri-qanuni fəaliyyət göstərən təşkilatda hansısa mailiyə və ya digər vəsait göstərilirsə, həmin vəsait də müsadirə olunur. Əgər qeyri-qanuni yolla əldə edilmiş əmlak şəxs tərəfindən talan olunubsa, bu zaman həmin əmlakın qarşılığında dəyəri ölçülməklə həmin şəxsə aid başqa əmlak müsadirə olunur”.
Ekspert hesab edir ki, qanuna edilən dəyişiklik bu sahədə yaşanan neqativ problemlərin həll olunmasına səbəb olacaq.
Əkrəm Həsənov: “Hərracda kifayət qədər iştirakçı olmadığından, orada satılan əmlakın qiyməti də yüksək olmur, hərracı təşkil edən şəxslər öz yaxınları ilə qabaqcadan danışırlar”
Hüquqşunas Əkrəm Həsənovun sözlərinə görə, məhkəmə qərarları əsasında müsadirə olunan əmlak hərraca çıxarılan zaman sui-istifadə halları baş verir: “Burada başlıca məqsəd odur ki, vətəndaş öz əmlakını ala bilməsin, həmçinin digər vətəndaşların da bu barədə məlumatı olmasın. Buna da səbəb əmlakı mümkün qədər baha satmaqdır. Lakin hərracda kifayət qədər iştirakçı olmadığından, orada satılan əmlakın qiyməti də yüksək olmur. Və hərracı təşkil edən şəxslər öz yaxınları ilə qabaqcadan danışıb, əmlakın qiymətini öldürürlər və ucuz qiymətə satırlar”.
Günel CƏLİLOVA