Əkrəm Həsənov: “Elektron məhkəmə sistemi qəlizdir və hüquqi, texniki biliyi olmayanlar bu işi görə bilmir”
Elektron məhkəmə sistemi ilə bağlı mütəmadi olaraq narazılıqlar səslənir. Ombudsmana ünvanlanan müraciətlərdə bir sıra vətəndaşların texniki vasitələrə və internet resurslarına çıxış imkanlarının məhdud olması səbəbindən “elektron məhkəmə” informasiya sistemindən istifadə ilə bağlı çətinliklərlə üzləşdikləri qeyd edilib.
Bununla yanaşı, birinci instansiya məhkəmələrinin qərar və qərardadlarından elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş formanın mürəkkəb olması səbəbindən vəkil xidmətlərindən istifadə etməyə məcbur qaldıqları bildirilib. Bəzi hallarda “elektron məhkəmə” informasiya sistemində yaranmış nasazlıqlar məhkəmələrdə süründürməçillik hallarına səbəb olub.
Elektron məhkəmə sistemi sadələşdirilə bilərmi? Eyni zamanda, məhkəmələrdə elektron məhkəmə ilə bağlı vətəndaşlara pusluz seminar keçirilə bilərmi?
“Yaxşı olar ki, elektron məhkəmə ilə bağlı pulsuz seminarlar təşkil edilsin, maarifləndirmə işi həyata keçirilsin”
Hüquqşunas Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, elektron məhkəmə sistemi qəlizdir və hüquq, texniki biliyi olmayanlar bu işi görə bilmir: “Elektron məhkəmə sistemi nə qədər asanlaşdırılsa da, bu, sadə vətəndaşlar üçün asan olmayacaq. Bu məsələ elə həll olunmalıdır ki, həm vətəndaşlar əziyyət çəkməsin, həm də məhkəmə üçün rahat olsun. Yaxşı olar ki, bu mövzu ilə bağlı pulsuz seminarlar təşkil edilsin, maarifləndirmə işi həyata keçirilsin. Hətta bu işin necə icra edilməsi ilə bağlı internetdə pulsuz video çarxlar belə yerləşdirilə bilər, təlimatlar haqqında məlumat verilər. Belə olarsa adi vətəndaş bu sistem vasitəsilə öz işini rahat şəkidə görə bilər. Ancaq bütün dünya ölkələrində hər vətəndaş elektron məhkəmə sistemindən sərbəst şəkildə istifadə edə bilmir. Onu da deyim ki, sadə bir vətəndaş necə şikayət yazsın, onun qanunlardan xəbəri yoxdur. Yaxşı olar ki, məhkəmələrdə bu işi görənlər pul qarşılığında deyil, könüllü şəkildə icra etsinlər”.
Günel CƏLİLOVA