Bu gün ölkəmizdə od çərşəbəsi qeyd edilir. Artıq qışın qarlı gecələri arxada qalır, insanlar baharın isti nəfəsini hiss etməyə başlayır. Azərbaycanın hər guşəsində tonqallar qalanır, alov göyə ucalaraq sanki qışın soyuq nəfəsini yandırır. Bu, Od çərşənbəsidir – bəd nəzəri, pisliyi, xəstəlikləri arxada qoyub yeni başlanğıclar üçün ümid tonqalları yandırdığımız gün. Azərbaycan xalqı əsrlərdir ki, Od çərşənbəsini qışın sonuncu soyuqlarını əridən bir gün kimi qeyd edir. Bu çərşənbə təkcə odun alovlanması deyil, həm də ürəklərin istilənməsi, ümidlərin yenidən doğulması deməkdir. Qədim inanclarla müasir duyğuların qovuşduğu bir bayramda ölkəmizdə hər kəs bu gün qalanan tonqalların ətrafında birləşərək müxtəlif ayinləri yerinə yetirəcək. Od çərşənbəsi Novruz bayramından əvvəl qeyd edilən dörd çərşənbədən ikincisidir. Bu çərşənbə qədim inanclara əsaslanaraq odun müqəddəsliyini, onun insanları təmizləyən və qoruyan gücünü simvolizə edir. Əcdadlarımız odun isidici və həyatverici gücünə inanaraq, bu günü xüsusi mərasimlərlə qeyd ediblər. Azərbaycanın qədim inanclarına görə, Od çərşənbəsi Günəşin oyanışını, torpağın isinməsini və təbiətin canlanmasını simvolizə edir. Əcdadlarımız odun təmizləyici gücünə inanır, tonqal qalamaqla bütün bəlaların yanıb yox olacağını düşünürdülər. Bu çərşənbədə hər kəs öz həyətində ocaq qalayır, odun alovunda niyyət edir, sağlamlıq və ruzi-bərəkət diləyir. İnsanlar inanırlar ki, tonqalın üzərindən tullanan hər kəs uğursuzluqlardan qurtulur, yeni ilə təmiz ruhla qədəm qoyur. Od çərşənbəniz mübarək olsun!
Mətləb