Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında bir qrup şəxsin mübahisə etdiyi müşahidə olunur.
Belə ki, Lamiyə İlhamsoy olduğu iddia edilən qadın ona məktəbin müəllimləri tərəfindən ad günündə alınan hədiyyəni “dilənçi payı” adlandırır və özünə yaraşdırmadığını bildirir. Səs yazısında onun, həmçinin digərlərini təhqir etdiyi müşahidə olunur. İddiaya görə, direktora alınan və bəyənmədiyi hədiyyə 600 manatlıq zinət əşyası olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələnin araşdırılacağı bildirir.
Rizvan Fikrətoğlu: “Bu hal müəllim adına ləkədir, insanlıq adına yaraşmır”
Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, məlum səs yazısı həqiqətdirsə, bu, təhsil adına biabırçılıqdır. Bu, təhsilin görünən tərəfidir, görünməyən o qədər tərəfləri var ki: “Danılmaz faktdır ki, bu gün əksər orta məktəblərdə rüşvət var, müvafiq qurumlar bunun qarşısını almaqda sanki maraqlı deyil, sadəcə üzə çıxanla bağlı tədbir görülür. Bu sahədə real iş görülmür. Keçirilən monitorinqlər sanki formal xarekter daşıyır, görüntü üçündür elə bil. Direktorun 600 manatlıq hədiyyəni bəyənməməsi bizi təəccübləndirmədi, çünki belə hallar çox olub. Çünki təhsildə bundan da pis hadisələr qeydə alınır. Məlum səs yazısı korrupsiyanın çılpaq göstəricisidir. Direktor özü də təsdiq edir ki, ona dilənçi payı lazım deyil. Maraqlıdır, həmin direktor hədiyyə olaraq nə gözləyirdi? 10 min manat dəyərində hədiyyəmi gözləyirdi? Bu hal müəllim adına ləkədir, insanlıq adına yaraşmır. Məktəbdə hər bayramqabağı pul yığmaq ənənəsi də biabırçılıqdır. Bu kimi "ənənələrə" son qoyulmalıdır”.
Elmin Nuri: “Təhsilin yerli idarəetmə qurumları hər il məktəblərə təlimatlar göndərir, ciddi şəkildə 5 Oktyabr və 8 Martla bağlı tapşırıqlar verir, ancaq...”
Təhsil eksperti Elmin Nuri bildirdi ki, təhsilin yerli idarəetmə qurumları hər il məktəblərə təlimatlar göndərir, ciddi şəkildə 5 Oktyabr və 8 Martla bağlı tapşırıqlar verir: “Amma yenə də bir qisim şəxslər öz "daxili qaydalarını" daha vacib hesab edirlər. Direktorun məlum "dilənçi kod adlı" səs yazısı da bunun bir elementidir. Bu cür elementlər, hər şeydən öncə, məhz illərini məktəbə həsr edən minlərlə fədakar müəllimə qarşı sayğısızlıq, ikili münasibət yaradır. Hesab edirəm ki, təhsilin yerli idarəetmə qurumları təlimatlarla kifayətlənməyib, onları pozan şəxslərlə də bağlı lazımı addımlar atacaq”.
Günel CƏLİLOVA