Fatimə Hacıbəyli: “Azərbaycanlı gənclərin xaricə meyl etmələri, xarici təcrübəni mənimsəmək istəmələri mənfi bir hal deyil, ancaq istənilən halda…”
Hazırkı dövrdə dünyanın və texnologiyanın yüksək templə inkişaf etməsi gənclərin həyatına da təsir göstərir. Qeyri-rəsmi statistikaya görə, son 10 il ərzində 120 mindən çox ali təhsilli Azərbaycan vətəndaşı ölkəni tərk edərək xaricə üz tutub.
Onların arasında gənclər böyük üstünlük təşkil edib. Bu proses həm ali, həm də orta təhsilə sahib olan gənclər arasında müşahidə edilir.
Bəs gəncləri xaricə üz tutmağa sövq edən səbəblər hansılardır?
“Azərbaycanda gənclərin xaricə köçmək istəyi əsasən iqtisadi çətinliklər, əmək bazarının məhdud olması və daha yaxşı həyat şəraiti axtarışı ilə bağlıdır”
Sosioloq Fatimə Hacıbəyli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda çox yaxşı perspektivli gənclər var ki, hazırda xaricdə tanınmış şirkətlərdə işləyirlər: "Xaricdə işləməyə gedən gənclərimiz müxtəlif sahələrdə çalışır. Azərbaycanlı gənclərin xaricə meyl etmələri, xarici təcrübəni mənimsəmək istəmələri mənfi bir hal deyil. İstənilən halda, hər kəs Azərbaycanla bağını qoruyur. Demək olar ki, gənclərimizin xarici təcrübəni öyrənmələri, xarici şirkətlərlə işləmələri bizim üçün avantajdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanda gənc işçi qüvvələrinin və beyinlərin axınının növbəti mərhələsi başlayıb. Xaricdə çalışmağa meyl edən gənclər əsasən Rusiya,Türkiyə, Almaniya, Kanada və ABŞ kimi ölkələrə üstünlük verir: “Qeyd etdiyim ölkələrdə özünü təsdiq edən gənclərimiz var. Ümumiyyətlə, bu prosesin qarşısını tamamilə almaq mümkün deyil, lakin ölkə daxilində iş imkanlarının artırılması və iqtisadi sabitliyin gücləndirilməsi gənclərin öz vətənlərində qalmasını stimullaşdıra bilər. Danılmaz faktdır ki, Azərbaycanda gənclərin xaricə köçmək istəyi əsasən iqtisadi çətinliklər, əmək bazarının məhdud olması və daha yaxşı həyat şəraiti axtarışı ilə bağlıdır. Xidmət sahələrini, qeyri adi iş yerlərini, kreativ biznes sahələrini inkişaf etdirməliyik ki, bizim insanlar, xüsusən də gənclərimiz xaricə üz tutmasınlar, əksinə, Azərbaycanda qalıb işləsinlər və ölkəmizin hərtərəfli inkişafına kömək etsinlər".
Günel CƏLİLOVA