Saxta qızıl məhsullarının satılması barədə məlumatlar gündən-günə artır. Alıcılar saxta qızılla xalis qızılı ayırd etməkdə çətinlik çəkirlər. Bildiyimiz kimi, ölkədə qızıl bazarına nəzarət edən Dövlət Əyar Palatası 5 il əvvəl ləğv olunub.
Əvvəllər ekspertlər alıcılara məsləhət görürdülər ki, saxta qızılı əsl qızıldan ayırmaq üçün üzərində mütləq Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatasının probunun olub-olmadığına diqqət etsinlər. Çünki mallar Azərbaycana idxal olunarkən mütləq Əyar Palatasından keçməli idi. Qızıl malları Palatada dəqiqliklə yoxlanıldıqdan sonra üzərinə xüsusi problar vurulurdu. Məsələn, 750 əyar qızıl 749 qram çıxırdısa, Palata mala heç vaxt əyar vurmurdu. Ancaq bu gün bu sahədə vəziyyət fərqlidir. Belə ki, qızıl bazarında yeni fırıldağa əl atanlar var. Belə ki, qızıl boyunbağı və qolbaqların ilgəyində tərkibi şüşədən ibarət olan daşlar yerləşdirilir. Bu da zinət əşyasının çəkisinin ağır gəlməsinə səbəb olur.
Məlumata görə, belə ilgəklər 2018-ci ildən sonra istehsal edilən, əsasən də “14K” adlandırılan zinət əşyalarında olur. 1 kiloqramlıq qızıl-zinət əşyasında 20 qram şüşə satılır.
“Qızıl bazarı həddindən artıq korlanmış bir bataqlıqdır, hər cür dələduzluqdan istifadə edilir”
Mövzu ilə bağlı fikir bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, uzun müddət Azərbaycanda Əyar Palatası fəaliyyət göstərib. 5 ildən çoxdur ki, o palata bağlanıb: “Qızıl bazarı tamamilə nəzarətsiz durumdadır. Üstəlik Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən, qızıl və qızıl məmulatları geri qaytarılmayan, dəyişdirilməyən mallar siyahısındadır. Yəni qanunvericiliyə görə, qızıl məhsulu aldınsa, xoşuna gəlmədisə nə qaytara, nə də dəyişdirə bilərsən. Bu qanun istehlakçıların ziyanınadır. Qızıl bazarı həddindən artıq korlanmış bir bataqlıqdır. Hər cür dələduzluqdan istifadə edilir. Nadir hallarda dürüst zərgərlər tapmaq olur. Çoxluqda götürsək, zərgərlər qızıla qatqılar qatır və dələduzluq edirlər".
Ekspert hesab edir ki, istehlakçıları aldadanlara qarşı ən radikal üsullarla tədbirlər görülməlidir. Bu işlər ən şəffaf qurumlardan biri olan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilsə müsbət nəticə əldə olunar.
Günel CƏLİLOVA