Saratov vilayətində naməlum bir şəxs Rusiya Aerokosmik Qüvvələrinin (VKQ) zabitinə sui-qəsd cəhdi edib. Hüquq-mühafizə orqanlarındakı mənbənin "Kommersant"a verdiyi məlumata görə, hadisə sentyabrın 3-ü səhər Engels şəhərin baş verib.
“Shot”un sözlərinə görə, hücumçu motosikletdə, başında da dəbilqə olub. O, mağazadan çıxan hərbçiyə iki dəfə atəş açıb və qaçıb. Bir güllə kişinin üzünə, digəri isə qarın nahiyəsinə dəyib.
Məlumata görə, zabitin sürücüsü də yaralanıb, lakin təcili yardım çağıra bilib. Zabit Saratov şəhərinə aparılıb və həkimlər tez bir zamanda tibbi yardım göstəriblər. Daha sonra o əlavə müalicə üçün xüsusi reyslə Moskvaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Ukraynanın "Supernova+" monitorinq kanalı iddia edir ki, sui-qəsd cəhdi Rusiya Aerokosmik Qüvvələrinin Uzaq Mənzilli Aviasiyasının 22-ci Ağır Bombardmançı Aviasiya Diviziyasının komandiri general-mayor Nikolay Varpaxoviçə qarşı edilib.
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq Varpaxoviçi 8 iyul 2024-cü ildə Kiyevdəki Oxmatdit Uşaq Xəstəxanasına raket hücumunda iştirakda günahlandırıb. İstintaqa görə, raket zərbəsi endirmək əmrini o verib, bundan sonra ona tabe olan uzaqmənzilli aviasiya bölmələri Tu-95MS bombardmançı təyyarəsindən xəstəxanaya X-101 qanadlı raketi atıb.
"Kommersant" qəzetinin məlumatına görə, hücumdan sonra hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb. Hadisə yerində İstintaq Komitəsi, Federal Təhlükəsizlik Xidməti və polisdən ibarət istintaq qrupları işləyir. İstintaq Komitəsi qəsdən adam öldürməyə cəhd (Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 1-ci hissəsi) və qanunsuz silah ticarəti (Rusiya Cinayət Məcəlləsinin 222-ci maddəsinin 1-ci hissəsi) maddələri ilə iş açıb.
Tahir TAĞIYEV