Azərbaycanda kiberşantaj - "Man in ze middle"...

Kənan Cəfərov: “Hesab edirəm ki, problemin kökündə əsasən provayder şirkətlərin, qurumların öz üzərlərində ciddi şəkildə işləməməsi dayanır”

img

Kiberşantaj bütün dünyanı “zəbt” edib desək, yanılmarıq. Dünyanın elə ölkəsi yoxdur ki, kiberşantajlarla, kiberhücumlarla, bir sözlə, kibercinayətlərlə bağlı problem yaşamasın. Təəssüflər olsun ki, ölkəmizi də bu cinayətlər təhdid etməkdədir. Mılumatlara görə, ölkəmizdə yeni kiberhücumlar yayılır və zənglər vasitəsilə yayılan bu hücumlar insanları hər cür bəlaya düçar edir.

Ekspertlər deyir ki, Azərbaycanda "Man in the middle" və "Spoofing Caller ID" kiberhücum növləri geniş yayılıb.

Bunun qarşısını necə almaq olar, alternativ yollar varmı?

İKT üzrə mütəxəssis Fərid Pərdəşünas bildirib ki, bu hücum növlərinin əsas hədəf kütləsi yaşlı təbəqədir. Ekspert qeyd edib ki, son günlər sosial şəbəkələrdə səs-küy doğuran kibercinayətkarlıq növlərindən biri kiberşantajdır. “Bu, kibercinayətkarlıq sahəsində geniş yayılmış hücum növüdür. Bu hücum vasitəsilə kibercinayətkarlar müxtəlif saxta profillər vasitəsilə, xüsusən yaşlı nəslin nümayəndələrinə, siyasi şəxslərə və sosial şəbəkədə müəyyən statusa sahib insanlara saxta zənglər edirlər. Bu zənglərin arxasında kimlərin olduğu bilinmir. Yerli və ya xarici ola bilər. Onlar bu görüntülü danışıqlar zamanı xanım simalardan istifadə edir. Profil vasitəsilə qarşı tərəf intim münasibətə dəvət olunur və müəyyən müddət görüntülü danışıqdan sonra sosial psixoloji təsir göstərilərək həmin şəxs müəyyən davranışlar sərgiləməyə sövq edilir...”

  • “İnsanlarımız kiberşantajdan qorunmaq üçün...”

İKT üzrə mütəxəssis Kənan Cəfərov “Bakı-Xəbər”ə bildirdi ki, qlobal şəbəkədə hər ölkənin öz yeri var və o zəngləri qəbul edən, ötürən provayderlərdir, provayderlər gərək öz üzərlərində ciddi işləsinlər: “Provayderlər öz üzərlərində ciddi işləməlidir. Provayderlər kənardan gələn sorğuları incələməlidirlər, bir ünvandan, tutaq ki, on min sorğu gəlirsə onları təhlükəsizliyə görə bağlamalıdırlar. Hesab edirəm ki, problemin kökündə əsasən provayder şirkətlərin, qurumların öz üzərlərində ciddi şəkildə işləməməsi dayanır.  Bu provayder şirkətlər müstəqildirlər, hansısa bir fiziki, hüquqi şəxsə aiddirlər”.

Kiberhücumçuların kifayət qədər təhlükəli olduğunu deyən K.Cəfərovun sözlərinə görə, insanlar çox diqqətli olmalıdır. İnsanlarımızın istifadə etdikləri mobil telefonların, kompüterlərin təhlükəsizlik qaydalarını da öyrənməli olduqlarını deyən K.Cəfərovun bildirdiyinə görə, google və başqa şirkətlər iki faktorlu təsdiqləmələrdədir. “Əvvəllər feysbuk parolunu 1 saniyəyə sındırırdılarsa, indi onu edə bilmirlər. Çünki iki faktorlu təsdiqləmə var, o googledə də, gmaildə də var. Kimsə sənin hesabına müdaxilə etmək istəsə, sənə kod gəlir”.

Elektron poçt hesabına da spam gəldiyini deyən ekspert hesab edir ki, bütün gələn mesajlara diqqətlə baxılmalıdır, onun spam olub-olmadığını bilmək, o mesajın göndərildiyi ünvanın adının neçə hərfdən ibarət  olduğuna baxmaq lazımdır: “Adətən spam emaillər 18-20 hərfdən ibarət olur, insanlar diqqətli olmalıdır. Bu cür məsələlər var. İnsanlarımız kiberşantajdan qorunmaq üçün sosial şəbəkələrdə, yaxud digər aidiyyəti məsələlərdə düzgün təhlükəsizlik seçimi etməlidir. İnsanlarımızın çoxunun parolu ad və soyadlarıdı, yaxud telefon nömrəsi. Bu da problem yaradır. Bu halın qarşısını almaq çətin olsa da, ikili faktorlu təsdiqləmə ilə bunu etmək mümkündür. Kompüterlərdə də antivirus proqramlarında düzgün seçim etmək lazımdı. Əksər insanlar 10-20 dollarlıq antivirusdan istifadə edir, bu da saniyəbəsaniyə sındırıla bilər. Çünki 10-20 dollarlıq antivirusun keyfiyyəti olmayacaq”. 

İradə SARIYEVA

Son xəbərlər