“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) operatorluğu ilə həyata keçirilən proses çərçivəsində 2024-cü ilin oktyabr ayından indiyə qədər 30 mininci nəqliyyat vasitəsi utilizasiyaya verilib və bu rəqəm hər gün artmaqdadır.
Bunu "Təmiz Şəhər" ASC-nin nəqliyyat vasitələrinin utilizasiyası şöbəsinin müdiri Mirzə Laçınov Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, hazırda utilizasiya proqramı kifayət qədər sürətli şəkildə və uğurla davam edir: "Nəqliyyat vasitəsi utilizasiyaya təhvil verildikdən sonra onu təhvil verən şəxsə təsdiqedici sənəd verilir və həmin sənəd imkan verir ki, şəxs iki seçimdən birini həyata keçirsin. O, ya yerli istehsal olan yeni nəqliyyat vasitəsini endirimlə əldə edə bilər, yaxud yeni avtomobil əldə etmək niyyəti yoxdursa, həmin güzəşt məbləğinin 70 faizi həcmində birdəfəlik ödəniş əldə edə bilər. İndiyədək nəqliyyat vasitəsinin utilizasiyası ilə əlaqədar müraciət edən ərizəçilərə 1 milyon manatdan çox birdəfəlik ödəniş olunub. 1687 ədəd yeni nəqliyyat vasitəsi güzəştli şərtlərlə verilib", - deyə o vurğulayıb.
ZÜMRÜD