Polşa ilə Ukrayna arasında "tarixi yaddaş"la bağlı mübahisə üzündən yeni diplomatik böhran yaranıb. Polşa prezidenti Karol Navrotski Ukrayna prezidenti Volodimir Zelenskini ölkənin ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edib.
Qərar Kiyevdən sərt tənqidlərə səbəb olub. Navrotskinin qərarından sonra Zelenski ordeni poçtla Varşavaya göndərib.
Bu arada, o da məlum olub ki, Ukraynanın keçmiş prezidentləri Leonid Kuçma və Viktor Yuşşenko da Zelenski ilə həmrəylik əlaməti olaraq onlara verilmiş "Ağ Qartal" ordenlərindən imtina edərək, onları geri qaytarıblar. Bundan əvvəl isə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa, ölkənin Varşavadakı səfiri Vasil Bodnar və Prezident Aparatının rəhbəri Kirilo Budanov da müxtəlif Polşa dövlət mükafatlarını geri qaytarıblar.
Ukrayna siyasətçiləri iddia ediblər ki, bu mükafatlar təkcə fərdlərə deyil, həm də Ukrayna xalqına hörməti simvolizə edir.
Iki ölkə arasında diplomatik gərginliyə səbəb Ukrayna ordusunun bir hissəsinə UPA (Ukrayna Vətənpərvər Ordusu) qəhrəmanlarının adının verilməsi olub. Navrotski bildirib ki, Polşa cəmiyyətinin böyük əksəriyyəti üçün UPA, ilk növbədə, İkinci Dünya Müharibəsi zamanı Polşa vətəndaşlarına qarşı törədilən vəhşi cinayətlərə görə, məsuliyyət daşıyan bir təşkilat kimi qəbul edilir: “Buna görə də, Ukrayna hakimiyyətinin UPA-nı yüksəltmək qərarı təkcə ifrat deyil, həm də anlaşılmaz və dərin məyusedicidir. Bu, təkcə tarixi yaddaşımıza xələl gətirmir, həm də illər ərzində və son aylarda qurulan etimadı sarsıdır”.
Tahir TAĞIYEV