Son günlərdə neftin qiyməti düşür, dollar isə əsas valyutalara qarşı, demək olar ki, dəyişməyib. İnvestorlar ABŞ və İranın əldə etdiyi müvəqqəti sülh razılaşmasının qlobal enerji təchizatı ilə bağlı riskləri azalda biləcəyini gözləyirlər. Son günlər müşahidə olunan ucuzlaşma tendensiyası, xüsusilə enerji idxalçısı olan ölkələrdə qlobal iqtisadi yavaşlama ilə bağlı narahatlıqları zəiflədib.
Beynəlxalq Enerji Agentliyi bildirib ki, Hörmüz boğazının yenidən açılmasından sonra neft bazarında 2027-ci ilə qədər əhəmiyyətli təklif artıqlığı yarana bilər. Valyuta bazarlarında isə vəziyyət daha sabit olub. ABŞ dollarının əsas valyutalar səbətinə qarşı məzənnəsini ölçən dollar indeksi 0.03 faiz azalaraq 100.32 bəndə düşüb. Avro 0.1 faiz bahalaşaraq 1.1511 dollara yüksəlib. Dollar isə yapon yeninə qarşı cüzi möhkəmlənərək 160.65 yen səviyyəsinə çatıb ki, bu da 2024-cü ilin iyulundan bəri ən yüksək göstəricilərdən biridir. Hələlik dünya bazarlarında neft ucuzlaşır. Qiymətlərin geriləməsinə səbəb İran neftinin tezliklə qlobal bazarlara qayıdacağı ilə bağlı yayılan xəbərlər olub. Bununla da "Brent" markalı xam neftin qiyməti 80 dollarlıq psixoloji həddən aşağı düşüb. Bu, fevralın 28-də ABŞ-İran münaqişəsi başlayandan bəri qeydə alınan ən aşağı göstəricidir. Müharibədən əvvəl həm "Brent", həm də WTI markalı neftin bir bareli 65-70 dollar aralığında ticarət edilirdi. Yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton anlaşma memorandumu çərçivəsində İran neftinə sanksiyaları dayandıracaq. Bu isə bazara milyonlarla əlavə barel xam neftin daxil olması deməkdir.
HSBC bankının neft-qaz sektoru üzrə baş analitiki Kim Füstye bildirib ki, bazarlar Hörmüz boğazında daşımaların tam normallaşacağı ehtimalını yüksək qiymətləndirir. Bununla belə, maliyyə qurumu bu prosesin sentyabrın sonunadək davam edə biləcəyini proqnozlaşdırır. Küveytin Dövlət Neft Şirkəti ABŞ, İsrail və İran arasındakı hərbi münaqişə dövründə tətbiq edilmiş fors-majorun ləğv edildiyini elan edib. Bildirilir ki, Hörmüz boğazının açılması və kommersiya gəmiçiliyinin bərpası fonunda ölkədə neft hasilatı bir həftə ərzində sutkada 2 milyon barelədək artırıla bilər. Küveyt Neft Korporasiyası vurğulayıb ki, fors-majorun ləğvi barədə qərar regionda vəziyyətin normallaşması və enerji resurslarının tədarükü üzrə logistika marşrutlarının bərpası ilə əlaqədardır. "Bank of America"nın analitik hesabatında bildirilib ki, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin tam bərpa olunması cari ildə "Brent" markalı neftin orta qiymətinin bir barel üçün 82 ABŞ dollarına qədər ucuzlaşmasına gətirib çıxara bilər. Daha əvvəl bank "Brent"in orta qiymətini bir barel üçün 93 dollar səviyyəsində proqnozlaşdırırdı. Yeni proqnoza görə, vəziyyətin normallaşması halında "Brent" markalı neftin 2026-cı ilin ikinci yarısında bir barel üçün 70-80 dollar aralığında ticarət olunacağı gözlənilir.
Bank qiymətləndirməyə yenidən baxılmasını Hörmüz boğazının tam fəaliyyətinin bərpa olunacağı təqdirdə dünya neft bazarında təklifin mümkün artımı ilə əlaqələndirir. Hörmüz boğazında təxminən üç ay davam edən məhdudiyyətlər qlobal neft ehtiyatlarının kəskin azalmasına səbəb olub. Hətta ABŞ-ın strateji ehtiyatları 1983-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.
Samirə SƏFƏROVA