Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskini ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etmək qərarına gəlib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiha bu qərarı yalnız Moskvaya fayda verəcək "strateji səhv" adlandırıb. Zelenskinin ofisi hələlik məsələyə şərh verməyib. Navrotski açıqlamasında bildirib ki, "Prezident Vladimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA Qəhrəmanları" adını vermək barədə razılığını nəzərə alaraq, mən Ukrayna Prezidentini Ağ Qartal Ordenindən məhrum etmək qərarına gəldim. Bu kontekstdə vurğulamaq istərdim: bu qərar Ukrayna xalqına qarşı yönəlməyib. Bu, Polşa təhlükəsizlik siyasətinin strateji istiqamətində dəyişiklik demək deyil”.
Navrotskinin qərarının qüvvəyə minməsi üçün onun siyasi rəqibi olan Polşa Baş naziri Donald Tuskın təsdiqi tələb olunur. Lakin Tusk prezidentin hərəkətlərinə X sosial media saytında paylaşım edərək cavab versə də, hansı qərarı vermək niyyətində olduğunu dəqiqləşdirməyib.
"Polşa ilə Ukrayna arasındakı münaqişə Putini sevindirir və müttəfiqlərimizi şoka salır. Prezidentlər Zelenski və Navrotskinin vəzifəsi gərginliyi artırmaq deyil, emosiyaları sakitləşdirməkdir. Cəbhə xətti başqa yerdədir", - deyə o, paylaşımında yazıb.
SAMİRƏ