Avropa Komissiyası "Rusiyanın ticarət məhdudiyyətlərinin təsirini azaltmaq üçün" Ermənistanın özəl sektoruna "təcili dəstək" olaraq 34 milyon avro ayırıb.
Qeyd olunur ki, bu qərar iki həftə əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Ermənistanın baş naziri Paşinyan arasında baş tutan telefon danışığı zamanı əldə edilən razılaşmaların davam etdirilməsi məqsədilə verilib.
Kənd təsərrüfatı və qida, gülçülük və digər ixrac yönümlü sektorlar da daxil olmaqla, ticarət məhdudiyyətlərindən ən çox təsirlənən sektorlara dəstək göstəriləcəyi bildirilir. Qeyd edilir ki, yardım ticarət təşəbbüsləri, tərəfdaş axtarışı fəaliyyətləri və bazara çıxış proqramları vasitəsilə həyata keçiriləcək.
Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, "Aİ suveren, demokratik və müstəqil ölkə olan Ermənistanın yanında möhkəm dayanır. Bugünkü dəstək təcili iqtisadi problemlərin həllinə və Ermənistan biznesinin regional və Avropa bazarları ilə ticarət etməsi üçün yeni imkanlar yaratmasına kömək edəcək. Bu, Avropa həmrəyliyinin bir nümunəsidir".
Kos dəstək paketinin həyata keçirilməsini irəli aparmaq və Aİ-Ermənistan əməkdaşlığını gücləndirmək məqsədilə əlavə addımları müzakirə etmək üçün 5 iyulda Ermənistana səfər edəcək.
Tahir TAĞIYEV